Ən məşhur klassik əsəri 11-ci əsrə aid “Genci monoqatari” hesab edilən Yaponiya ədəbiyyatı qədim tarixə malikdir. Adətən “qaranlıq”, lakin yumor dolu Yaponiya ədəbiyyatı mədəni anlamda əzmkar bir millətin əsas xüsusiyyətlərini bizlərə göstərməkdədir. Bu yazımda, Haruki Murakamidən Yasunari Kavabataya qədər seçdiyim və oxumalı olduğunuz əsərlərə birlikdə göz atacağıq.


«I»

限りなく透明に近いブル

⌈Kagirinaku tōmei ni çikai burū⌋, 1976, Ryunosuke Murakami

Murakami, hərfi tərcümədə “Təxminən (və ya Sonsuz) şəffaf mavi” (ing. “Almost Transparent Blue” və ya “Almost Infinitely Transparent Blue”) adlı əsərini hələ Musaşino İncəsənət Universitetində tələbə ikən qələmə almış və bu kitab ona məşhur “Akutaqava” mükafatını qazandırmışdı. Oxucu kitabda 1970-ci illərin ortalarında bir qrup pozğun (yava) yapon gəncinin həyatını izləməkdədir, əsər cinsi əlaqə, narkotik və rok-n-rol mövzuları ilə doludur. Murakami oxucusunu, tək qayğısı növbəti narkotiki hardan tapacaqları olan bir qrup gənc “qəhrəmanın” ağlı və bədəni ilə problemlərlə dolu səyahətə aparır. Kobud və həddindən artıq anlayışlı təsvirlərə (qəhrəmanlarına münasibətdə) görə bəzi tənqidçilər tərəfindən tənqid edilsə də, Murakami qəhrəmanlarının həyatını daha çox boş və sıradan hala gətirən meskalin (hallusinasiya yaradan alkaloid) qaynaqlı hallusinasiyaları və anlıq şiddət səhnələrini gözə çarpacaq şəkildə təsvir etməkdən çəkinmir.

«II»

“The Diving Pool: Three Novellas”

2008, Yoko Oqava

Hərfi mənada “Dalğıc hovuzu: üç novella” kimi tərcümə olunan kitab “Daibinqu puru” (ダイヴィング・プール, 1990), “Ninşin karendā” (妊娠カレンダー, 1991/ azb. “Hamiləlik gündəliyi”), “Dormitory” (ドミトリイ, 1991/ azb. “Yataqxana”) adlı üç novelladan ibarətdir. İngiliscə olan bu kitab Stiven Snayder tərəfindən tərcümə olunub və 2008-ci ildə nəşr edilib. 

“The Diving Pool” novellasının qəhrəmanı Aya adlı bir qızdır. Onun ailəsi uşaq evi işlədir. Bu, o deməkdir ki, Aya ətrafındakı uşaqlar arasında gerçək valideynləri tərəfindən böyüdülən tək uşaqdır. Aya öz sevgi və qəlbsizliyindən, həyatına tunel və ya teleskopdan baxan, yad və maraqsız biri kimi danışır. Parlaq yazı və kəskin müşahidə qabiliyyətinə sahib Oqava ifadələri də bıçağı fırlatdığı kimi çevirə bilir.

«III»

こゝろ

⌈Kokoro⌋ , 1914, Natsume Soseki

Natsume Soseki Yaponiyanın ən görkəmli yazıçıları arasındadır. Meici dövründə fəaliyyət göstərən yazıçı, alim və şair olub. “Qəlb” mənasını verən “Kokoro” ingiliscədə “Ürək” kimi tərcümə olunaraq, 1914-cü ildə bir qəzetdə yayımlanmışdır. Roman, gənc oğlanın “sensei” adlandırdığı qoca bir alicənab kişi ilə münasibətindən bəhs edir və təcridolma və şəxsiyyət axtarışı ilə bağlı təqdiqat işi xüsusiyyətini daşıyır. Yazıçının nəsri xarakterlərin sözləri və hərəkətləri vasitəsilə fərqli səviyyələr şəklində irəliləməkdədir. Bunun sayəsində romanın sonuna gəldiyinizdə, geriyə qayıdıb ətraflı şəkildə açıqlamalardan başqa bir şey öyrənib-öyrənməyəciyinizə baxa bilirsiniz.

Qeyd: Kitabı əldə etmək istəyənlər yapon.aza müraciət edə bilər.

Xəyalə Əlizadə © yapon.az 2019