Biri var idi, biri yox idi… Əvvəl zaman içindən, xəlbir saman içindən pəri padişahı qızının sizə salamı var, əziz anime sevərlər! Uşaqlıqdan, hər birinizin, az-çox eşitdiyi nağıllar yadınızdadırmı? Bunlardan ən məşhuru “Min bir gecə” nağıllarını sizə xatırlatmaq istərdim.

Min bir nağıl. Bu nağıllardan bəzilərini demək olar ki, hamı bilir. İçində ən məşhurlarından “Əlibaba və qırx quldur”, “Ələddinin sehirli çırağı”, “Dəniz səyyahı Sindibad” və s. adını çəkmək olar. Ən əsası isə bu nağıllar bir qayda olaraq, Şəhrizad tərəfindən əri şah Şəhriyara min bir gecə müddətində nəql edilir. Bəs, dünya sərvəti hesab edilən bu nağılların animeyə çevrildiyini bilirdinizmi? Məhz bu animeni sizlərə tanıtmaq istəyirəm. “Min bir gecə” nağıllarındakı, yuxarıda sadalığım o 3 məşhur nağıl birləşdirilərək animeyə çevrilmişdir. Adı “Magi: Sehir labirinti” (ing. “Magi: The Labyrinth of Magic”, yap. “マギ) olan bu anime janr olaraq fantaziya, macəra tipli manqa (müəllif Şinobu Ohtaka) seriyası əsasında çəkilmişdir.

Manqası 2009-cu ilin iyunundan 2017-ci ilin oktyabrınadək “Şuukan şounen sandē” (週刊少年サンデー – həftəlik bazar günü şonen) dərgisində serial şəklində, fərdi bölmələr isə toplanaraq “Şoqakukan” tərəfindən 37 tankoubon (yap. 単行本 “ayrı nəşr olunan kitab” — kitab nəşrinin formatıdır. Adətən seriyaya daxil olunmayan kitab) həcmində nəşr edilmişdir.

Ümumilikdə, 2 mövsüm və ovalardan ibarət olan animenin 1-ci mövsümü 2012-ci ilin oktyabrından 2013-cü ilin martına qədər, 2-ci mövsümü “Magi: The Kingdom of Magic” (“Magi: Sehir Krallığı), 2013-cü ilin oktyabrından 2014-cü ilin martına qədər yayımlanmışdır. Hər 2 mövsüm ayrılıqda 25 bölümdən ibarətdir və “A-1 Picture” tərəfindən hazırlanmışdır.

Animemizin məşhur qəhrəmanları görünüş cəhətdən Disneyin cizgi filmlərindəki eyni obrazlardan tamamilə fərqli tərzdə olsalar da, adları eyni ilə Ələddin, Əlibaba, Sindibad və Şəhrizaddır. 

Hekayə Bağdadda, Əlibabanın ölkəsində daxili müharibənin başlaması; monarxiyanın dağılmağı, yeni rejimə keçid dövrü, bu əsnada Ələddin ilə tanış olma və yeni yoldaşların birlikdə zinyətlə dolu olan Amon qalasını yağmalamağa getmələri, bu yolda bir neçə maneə ilə qarşılaşaraq mübarizə aparmaqları və bu mübarizə ərəfəsində Ələddinin Süleymanın müdrikliyindən istifadə edərək düşmənlərini dəf etməsi; daha sonra isə Sindibad və Şəhrizadla tanış olmaqları, bununla da yeni bir müharibəyə hazırlanmaqları, əsas mübarizənin xeyirlə şərin mübarizəsinə çevrilməsi və sonda şər qüvvələrin öhdəsindən gəlməsindən bəhs edir. Anime özündə tarix, fəlsəfə, fantaziya, mistika və mifologiyanı birləşdirərək, izləyicilərinə əyləncəli macəra, bir o qədər də ciddi mövzuları əsas götürərək möhtəşəm bir qəhrəmanlıq hekayəsi təqdim edir. 

Xəyalə Əlizadə © yapon.az 2020