İkinci Dünya müharibəsi bütün dünya tarixini və müxtəlif dövlətlərdə yaşayan, müxtəlif ideallar üçün mübarizə aparan insanların hər birinin həyatını savaşdan “əvvəl”ki və “sonra”kı dövrlərə böldü. Lakin bütün insanlar hansı tərəfdə olmasından asılı olmayaraq, nəticədə eyni şeyi əldə etdi – ağrı və acını. Müharibənin dəhşətli tərəfi də ondadır, məğlub və ya qalib fərq etməz, daha az əziyyət çəkən yoxdur, hamı onsuz da əziyyət çəkir. Bir insanın faciəsi bütün dünyanın faciəsinə bərabərdir, birinin qəlbində olan ağrı milyardların qəlbində olan ağrı ilə eynidir…

hiroshima mon amoure.jpgBu fikirlər fransız rejissoru Alain Renenin (fra. Alain Resnais) 1959-cu ildə Marqaret Dyurasın (fra. Marguerite Duras) ssenarisi əsasında çəkdiyi ilk bədii filmi “Mənim sevgim Hiroşima”da (və ya “Hiroşima, mənim məhəbbətim”) öz əksini tapmışdır. Qeyri-adi kinematoqrafiya üsullarından istifadə edərək ərsəyə gətirdiyi bu film “yeni fransız dalğası” cərəyanına aid edilir.

Filmin dəyərli tərəflərindən biri rejissorun müharibə mövzusuna qeyri-adi yanaşması və ilk dəfə izləyici üçün adi olmayan, – faciənin fərqli tərəflərini qəhrəmanların da acı çəkməsi ilə göstərməsində idi. Fimlin qəhrəmanları dəstək və anlayışdan çox, qınaq və tənqid edilirlər. Bundan başqa, Rene bu qəhrəmanların şəxsi dramını bütün millətin ağrısı ilə müqayisə edir.

Film ən təsirli pasifist fəaliyyətlərdən biri adlandırıla bilər. Ekran əsəri təhlükə barədə bütün dünyaya xəbərdarlıq edərək, müharibələri bitirmək üçün şüarlar və çağırışlar səsləndirir. Rene bunu sənədli çəkilişlərlə, mitinqlərdən sakinləri əlində plakatlarla şüarlar səsləndirərək göstərməklə edir.

Ekran əsəri Yaponiya və Fransanın birgə istehsalıdır. Filmdə baş rolları fransız aktyor Emmanuel Riva, yaponiyalı Eiji Okada ifa edirlər.

Film 1959-cu ildə Kann Film Festivalına namizəd olsa da (“Qızıl Palm”) Amerika hökumətinin tələbi ilə rəsmi seçimdən kənarlaşdırılır, çünki atom bombaları qadağan edilmiş mövzu idi.

1961-ci ildə film Britaniya Akademiyasının (BAFTA) Birləşmiş Millətlər Mükafatının qalibi, ən yaxşı film, ən yaxşı xarici aktyor (Emmanuel Riva) nominasiyası, “Oscar” mükafatlarının paylanması mərasimində isə ən yaxşı orijinal ssenari nominasiyası üzrə namizəd olmuşdur.

Filmin mövzusu barəsində məlumat verməyəcəyəm, ümid edirəm məlum resenziya filmi izləmənizə səbəb ola bilər.

Müharibəsiz dünyada, sağlıqla qalın!

Sevinc Nur © yapon.az 2019