Mamemaki adəti haqqında nə bilirik?!

Setsubun nədir?

Yaponiyada yazın başlanğıcı (Rişşun (立春)) fevralın 4-nə təsadüf edir. Rişşundan bir gün öncə isə Setsubun adlanır. Yaponlar üçün həmin günün ənənəvi adı həm də yerinə yetirilən mərasimin adı ilə eynilik təşkil edir. Mamemaki! Mamemaki – qızardılmış soya paxlalarının evin çölü və içində cinləri (şeytan) qovmaq üçün səpilməsi mərasimidir.

Setsubun (節分) Yaponiyada yazın başlanğıcından bir gün əvvəlki gündür. Sözün hərfi tərcüməsi “mövsümi bölgü” deməkdir. Lakin bir qayda kimi, termin əsasən yaz setsubununa aid edilir və Yaz Festivalının (春祭 ⌈haru matsuri⌉) bir hissəsi kimi fevralın 3-də qeyd olunur. Setsubun öz mənşəyini Çinin tsuina (追儺) adətindən götürür və 8-ci əsrdə Yaponiyaya gəlmişdir.

Yaz setsubunu Ay təqviminə görə yeni ilin başlanğıcı hesab edilir və buna görə də həmin gün insanlar onları narahat edən xoşagəlməz anlar, pis əhval-ruhiyyə və xəstəlikləri köhnə ildə saxlayıb, yeni ildə özlərinə xoşbəxtlik arzu edirlər. Həmin mərasim də məhz yuxarıda qeyd etdiyim kimi mamemaki adlanır.

Mamemaki (豆撒き/ 豆まき) adəti ilk dəfə Muromaçi dövründə meydana gəlib. İnanca görə, yeni illə bərabər ruhlar aləmindən insanlar dünyasına ruhlar gəlir və mamemakinin məqsədi də həmin ruhları evlərdən uzaqlaşdırmağa yönəlib. Bu ayini əsasən, evin “rəisi” – toşiotoko (年男) (Çin zodiakına görə məhz müvafiq ildə anadan olan) yerinə yetirir. Lakin bəzi hallarda mayko, sumo güləşçiləri və b. dəvət oluna bilər. Toşiotoko qızardılmış soya paxlaları və ya fuku mame (福豆) – xoşbəxtlik paxlalarını evin qapısından çölə və ya Oni maskası taxan ailə üzvünə doğru səpir (atır). Soya paxlalarını səpərkən isə, bu ifadə işlədilir: “鬼は外! 福は内! ⌈Oni va soto! Fuku va uçi!⌉”. Yəni, “cinlər, rədd ol! Uğur, evə gəl!”

Bu deyimin də müxtəlif variantları vardır. Məsələn, Aizuvakamatsu şəhərində “鬼の目玉ぶっつぶせ!⌈Oni no medama buttsubuse!⌉” kimi işlədilir. Yəni, “cinin göz almalarını əz!”

Adətə görə, bəzi yerlərdə qızardılmış soya paxlalarını yemək də xoşbəxtlik gətirir. Bu zaman şəxslər öz yaşlarının sayı qədər və də bir ədəd əlavə soya paxlasını xoşbəxtlik üçün yeyirlər (məsələn, 25 yaş + 1 😀 ).

Beləliklə, bütün ölkə boyu Buddist və Şinto məbədlərində Setsubun qeyd olunur: hədiyyələr, şiriniyyatlar, gümüşü və ya qızılı folqalara bükülmüş qızardılmış soya paxlaları, suma güləşi yarışları və s.

Bəs Oni nədir? Oni () – yapon mifologiyasında qırmızı, mavi və qara dəriyə malik olan, Ciqokuda (cəhənnəm) yaşayan, böyük caynaqları və buynuzu olan insanabənzər iblisdir.

hiragiiva-i-sardine
Sardin başı və pikral yarpaqlarından hazırlanan pis ruhları qovmaq üçün talisman

Setsubun zamanı Kansai bölgəsində ehomaki (恵方巻 – “uğurlu tərəfə yönəlmiş bükmə”) adlanan kəsilməmiş makizuşilərin (巻き寿司) hazırlanması adəti məşhurdur. Ehomaki futomaki`nin (太巻 – “qalın, böyük və gombul”) bir növüdür. İnsanlar ehomakini hazırlayarkən yeni ilin uğurlu olması üçün onu ilin zodiakına istiqamətdə bükürlər. Bu adət Osakada yaranmasına baxmayaraq, daha çox Kanto bölgəsi üçün xas ənənəyə çevrilmişdir.

Bəzi ailələr pis ruhları evdən uzaq tutmaq üçün sardin balığının başı və pirkal yarpaqlarından (柊鰯 ⌈hiraqi ivaşi⌉) ibarət olan kiçik dekorasiyanı evin girəcəyində qapının üstündə asırlar.

Setsubun zamanı zəncəfil sakesinin (生姜酒 ⌈şōgazake⌉) içilməsi adəti də vardır.

Tohokuda isə, adətən ata (ailə başçısı) qızardılmış soya paxlalarını əlində ailə məbədinə aparır və dua etdikdən sonra çölə səpir.

Bəzən və daha çox son dönəm, qızardılmış soya paxlaları yerinə yer fısdığı da istifadə edilir.

Sevinc Nur © yapon.az 2017