yapon.az, Yaponiyada həftə ərzində yadda qalan ən maraqlı hadisələri təqdim edir:

Yaponiya höküməti may ayının əvvəlində “koronavirus xəstəsi ilə ünsiyyətdə olub-olmadığınızı təyin edən” telefon proqramından istifadəyə başlayacaqlarını bildirib. Sinqapur tərəfindən yaradılan proqram korona virusunu daşıyan şəxsə yaxınlaşdığınızda siqnal verir. İnformasiya və Texnologiya Naziri Takemoto Naokazu bildirib ki, bu, virusun yayılmasının qarşısını almaq üçün çox effektiv yoldur. Ancaq hər kəsin bu proqramdan istifadə etməsini təmin etmək əsas prioritetdir. Sinqapur və Avstraliyadan sonra proqramı işlətməyə başlayacaq Yaponiyanı, Britaniya və Almaniyanın izləyəcəyi gözlənilir. Apple Inc. və Google LLC də bu proqramın istifadəsində xüsusi dəstək göstərəcəklərini bildiriblər.


Baş Nazir Şinzo Abe, Yaponiyada akademik təhsil ilinin sentyabrda başlayacağını açıqladı. Təhsil Naziri Haqiuda Koiçi bildirib ki, bu, yalnız təhsildə yox sosial həyatda da çox dəyişikliyə yol açacaq. İşə qəbul tarixləri dəyişəcək, sentyabra qədər olan sosial fəallıqda dəyişiklik olacaq. Lakin bu müddət ərzində müəllimlərə ödənilməli olan maaşla bağlı dəqiq bir məlumat verilməyib.


Keçən həftə “All Night Japan” radio verilişində aparıcı, komediya ustası Takaşi Okamuranın “pullarınızı saxlayın, çünki epidemiya bitəndən sonra gözəl qızlar pul qazanmaq üçün gecə həyatını olduqca canlandıracaqlar” “zarafat”ından sonra sosial mediyada çox sərt reaksiyalar verilmişdi. Dünən verilişin məxsus olduğu Nippon Broadcasting sosial hesabından üzr istədiklərini, yanlış anlaşılma olduğunu bildirib. Aparıcı özü də üzr istədiyini, hadisənin əslində çox şişirdildiyini deyib. Lakin canlı yayım zamanı həqiqətən də  fuzoku (seksual əyləncə servisləri) sözünü istifadə etdiyini inkar etməyib. Hazırda komediya ustasının işdən ayrılması üçün ciddi sosial basqı mövcuddur.


Aprel ayının 24-ündə istifadəçilərə təqdim edilən C.Koreya istehsalı “The Ear-Slaying Sword” oyununun yarıdıcıları, ayın 29-unda xidmətlərinə son verdiklərini açıqladılar. Oyun, yapon istehsalçıları tərəfindən plagiatlıqda ittiham edilirdi. Belə ki, oyunun “bir çox şeyinin” məşhur yapon manga/animesi olan “Demon Slayer: Kimetsu no Yaiba“-dan götürüldüyü bildirilib. Əvvəlcə oyunun yaradıcıları bunu qəbul etməmişdilər. “Geyimlər yapon geyimlərinə bənzəyə bilər, lakin plagiatlıqdan söhbət gedə bilməz“. Lakin bazar ertəsi heyət öz üzrxahlıqlarını bildirib, tam olaraq ittihamları qəbul etməsələr də, oyunu bir çox problemi olduğuna görə istifadədən qaldırdıqlarını deyiblər.

Gülər Nursu © yapon.az 2020