Hokudaisai-də ilk dəfə Azərbaycan yeməkləri

Aprelin 6-da Hokudaisai-də iştirak edəcək komandaların ilk iclası idi. Dərslərdən və işdən unutmuşduq. Yalnız ikinci (12 aprel) iclasda iştirakla başlanan yolumuz iyunun 4-də tamamlandı. Bir ay içində komanda yığmaq prosesi festivalın ilk gününədək davam etdi və demək olar ki, son iki günədək dəyişdi. Bir sözlə işçi qüvvəmiz çatmırdı. Lakin poster, menyu mayın 11-dən hazır idi.

Başladığımız iş isə yarımçıq qalmadı. Gecə və gündüz, evdə və çöldə işlədik, hətta yuxuda da…

Qazancımız isə çox şey oldu. İlk dəfə Hokkaido Universitetinin Xarici tələbələr Birliyinin (HUİSA) təşkil etdiyi (artıq 59-cu) 20-dən çox ölkənin iştirakçı olduğu Yemək Festivalında azərbaycanlı tələbə (Qabil Əliyev) “Land of Fire” adlı komanda ilə işirak edərək məhz milli yeməkləri sərgiləyə bildi. Tentin yaxınlığından “Oh! Azərbaycan” – deyib keçən və ya dayanan, söhbət edən, komandanın adının və ya ölkənin niyə odlar yurdu olmasının səbəbini soruşan, Rusiya və Azərbaycanda, Gürcüstanda olan yerli və xarici, Bayraqla və ya hansısa yeməyi dadıb bəyəndiyini deyən, yeməklərin şəkli ilə foto çəkdirən insanlar…

Hələ kəklikotu və mixəkli isti çayı qoxlayarkən gözləri işıldayan, ayranı içərkən öz-özü ilə bəyəndiyini təsdiq edərmiş kimi başını yelləyən, eyni salatı, şiriniyyatı və ya kartoflu kökələrimizi (peroşki) almaq üçün 2 gün dalbadal gələnləri demirəm.

[youtube https://www.youtube.com/watch?v=GbHRLQSdynQ&w=560&h=315]

Üç gündə dost-tanış qazandıq, imkanlarımız daxilində Vətən üçün çalışdıq. İnanıram ki, hələ yolun başındayıq!

Festival ildə bir dəfə, 4 gün keçirilirdisə bu il ilk dəfə 3 gün baş tutdu. Üç gün yağış yağdı, iki gün donduq.

Komandamızın digər üzvləri İordaniya və Monqulustandan idi.

Bu festival Hokkaido Universitetində təhsil alan xarici tələbələrə öz milli mətbəxlərini təqdim etmə şansı verir. Yemək (food) Festivalında iştirak edən xarici tələbələr öz milli yeməkləri ilə qonaqların diqqətini cəlb etməyə çalışırlar.

P.S. Bir xanım tentə yaxınlaşıb ァリエワ サノ (xanım Aliyeva) deyə azərbaycanlı birini axtarırdı. Soruşurdu, “onu tanımırsız?”. 😀

Sevinc Nur © yapon.az 2017