Yaponiyanı tanımağın ən əyləncəli yolu animelərlə ölkənin mədəniyyətinin dərinliklərinə enməkdir. 😉 Necə? Ənənəvi Yaponiya mədəniyyətinə bizi heyran edən animelərdən biri “Hyouge Mono” (へうげもの) ilə.

Dünyanın əsrarəngiz müxtəlifliyinin sanki bir yansıması olan mədəniyyətləri tanımaq həmişə həyəcan verici təcrübə olmuşdur. Mədəniyyəti, adət-ənənəsi, texnologiyası və futurizmi ilə təəccübləndirməyi bacaran Yaponiya yaratdığı anime və manqaları ilə öz mədəniyyətini dünyaya tanıtmaq və sevdirməkdə bənzərsiz uğurlar əldə etmişdir. Hər animedə, az və ya çox, Yaponiya mədəniyyətinə dair toxunuşların varlğına şahidlik edirik və aralarında elələri var ki, köklü şəkildə milliliyi, ənənəni ön plana çıxararaq izləyicilərinə bu zənginliyin qapısını açır. Bu dəfə sizlərə, yapon mədəniyyətini, dinini, fəsləfəsini və siyasətini özündə birləşdirən animeni təqdim etməyə çalışacağam. Bu, 2005-2017-ci illərdə yayımlanan, Yoşihiro Yamadanın 13-cü Yaponiya Media Sənətləri Festivalında “Mükəmməllik” və “2010 Tezuko Osamu Mədəniyyət Mükafatı”nı qazanan manqasının əsasında çəkilən “Hyouge Mono” animesidir.

Hyouge mono anime

Anime haqqında məlumat vermədən öncə onun adı ilə bağlı bir nüansı sizlərə çatdırmaq istəyirəm. Yaponca anlayışı olan bəzi animesevərlər animenin hiraqana ilə yazılışına və hiraqanadakından fərqli səslənməsinə fikir verə bilərlər. Bunun səbəbi animenin adının köhnə kana əlifbası ilə yazılıb, müasir kana əlifbası ilə oxunmasıdır. Köhnə kana əlifbasında “heu”(へう) hiraqanaları müasir dövr kana əlifbasında “hyou”(ひょう)kimi oxunur.

Anime məşhur Senqoku dövrünü ( 戦国時代), çay mərasimi (茶道―さどうーsadou), din, tarix, fəlsəfə, siyasət və estetikanın harmoniyasını özündə birləşdirərək izləyicilərə təqdim edir. Ümumilikdə, 39 seriyadan ibarət olan və hər seriyası ayrı-ayrı adlandırılan bu anime öz janrının az təsadüf edilənlərindəndir.

Yaponiyanın Senqoku dövrü dedikdə ağlımıza ilk gələn daxili müharibələrdir. Əslində isə bu həm də incəsənət və mədəniyyətin yüksək inkişaf etdiyi bir dövr idi. Bu qanlı əsr, dövrünün bütün vacib şəxsiyyətləri (Nobunaqa-Hideyoşi-Tokuqava) ilə birlikdə “absurd komediya” dadında ekrana verilsə də, absurdluğuna aldanmamağınızı tövsiyə edirəm. Çünki özünüzü fəlsəfənin, estetikanın və siyasətin dərinliklərində tapacaqsınız. Kökü Zen Buddizminə əsaslanan, yapon estetikasında əsas inanclardan biri olan “vabi-sabi” fəlsəfəsinin çay mərasimi ilə birlikdə necə bir hərakata çevrildiyinə şahidlik edərkən, anlayırıq ki, çay çox ciddi bir işdir, dostlar ☺ (armudu stəkanda çaaay! laylalay)!

“Hyouge Mono”nu bir neçə cümlə ilə ifadə etmək mümkün deyil, lakin onu deyə bilərəm ki, bu anime gizli qalmış bir şah əsərdir. Bu qısa dəyərləndirməni bura qədər oxudunuzsa, deməli, mövzu etibarilə animenin geniş kütləyə xitab etmədiyini də anlamısınız. Hətta anime pərəstişkarı üçün belə, mövzu etibarilə ağır olduğunu xatırlatmaq istəyirəm və əlavə olaraq bildirmək istəyirəm ki, açıq səhnələrin yer aldığı bu animeyə yaşca böyüklər və ya özünü böyük hiss edənlərin baxmağını məsləhət görürəm. ☺

Xəyalə Əlizadə © yapon.az 2020