Yay fəslinin əvvəllərində Yaponiyanın əksər hissələrində “tsuyu” və ya “baiyu” adlanan (hərfi mənada “gavalı yağışı” (ingiliscədə “plum rain”) – çünki gavalının yetişmə dövrünə təsadüf edir) yağış mövsümü başlayır.
Yağışların yağmasının səbəbi şimaldan gələn soyuq, cənubdan isə isti hava kütlələrinin toqquşması nəticəsində Yaponiya arxepelaqı üzərində formalaşan qeyri-sabit hava şəraitinin yaranmasıdır. Belə yağışlı günlər bir neçə həftə davam edir. Lakin bu o demək deyil ki, yağış günlərlə aramsız yağır. Müqayisə üçün qeyd edim ki, məsələn, Tokioda iyun ayında təqribən 12 yağışlı gün, 120 saat isə günəşli gün qeydə alınır. Yağıntıların miqdarı isə təbii ki, sabit olmur.
Yaponiyanın əksər ərazilərində yağış mövsümü iyunun əvvəlindən iyul ayının ortasına kimi (Honşyu, Kyuşu və Şikoku adalarında) davam edir. Kansai və Kanto regionlarında təqribən yağış mövsümü iyunun 7-dən iyulun 20-dək davam edir. Okinava adasında isə bu hava kütlələrinin təsiri daha bir ay əvvəldən hiss olunur. Burada yağıntıların başlanması mayın əvvəllərinə təsadüf edir və iyunun ortalarınadək çəkir. Yalnız Yaponiyanın ən şimal adası Hokkaido yağışlı günlər dövründən daha az əziyyət çəkmiş olur. Nəzəri cəhətdən belə olsa da, təcrübə göstərir ki, iki həftə ardıcıl olaraq Sapporoda dayanmadan yağış yağa bilir.
Aşağıdakı cədvəldə də bəzi ərazilərdə yağışlı günlər və onların müddəti ilə tanış olmaq olar:
Ərazi | başlayır | bitir |
---|---|---|
Okinava | 8 may | 23 iyun |
Cənubi Kyuşu | 29 may | 13 iyul |
Şikoku | 4 iyun | 17 iyul |
Kinki (Osaka, Kioto daxil olmaqla) | 6 iyun | 19 iyul |
Kanto (Tokio daxil olmaqla) | 8 iyul | 20 iyul |
Şimali Tohoko | 12 iyun | 27 iyul |
Sezonu bəzən “samidare” (五月雨- hərfi mənada “yağış yağa bilər (Yaponiyanın milli təqvimində)”) – müasir təqvimdə iyun ayına təsadüf etdiyindən belə adlandırırlar.
Noyabrın ortaları və dekabrın əvvələrinə təsadüf edən yağışlı günlər “sazanka tsuyu” (hərfi mənada “kamilli yağışlı günlər” – mövsüm çiçəklərinin açma vaxtı ilə eyni dövrə düşdüyü üçün) adlandırılır.
Bununla belə, turistlər üçün o qədər də əlverişli hesab edilməyən bu günlərdə açıq havada olan turizm obyektlərinin yeni mövsümə hazırlanması üçün imkan yaranır.
Qeyd edim ki, bəzi məkanlar əslində elə yağışlı və dumanlı günlərdə də maraqlı olar; belə ərazilərə bəzi dini məbədlər, dağ meşələri, bağlar misal ola bilər. Yağış mövsümü dövründə insanlar daha çox isti çay yanında şiriniyyatla evdə film seyrtetməyi üstün tutsa da, Koya dağı (Koyasan, Okunoin), Hakone (Fuci dağı), isti bulaqları ziyarət etməyi seçənlər də az deyil.
[…] bitdikdən sonra iyun ayında yağış mövsümü başlayır. Çoxlu yağış yağsa, rütubətli hava davam etsə də, bu, düyü istehsalı üçün […]
[…] yağışlı keçir, musson küləkləri vasitəsilə yaranan və ölkəni yağışlara boğan tsuyu mövsümü başlayır (Bakıda yayda yağış yağanda camaat sevinir). Məhz bu ifrat dərəcədə yağan […]