Bir çox ölkələrdən fərqli olaraq Yaponiyada imza əvəzinə bütün rəsmi sənədləşmələr zamanı möhürdən istifadə olunur. Bu rəsmi möhür “Hanko” və yaxud “İnkan” adlanır. Əslində hanko möhürün avadanlığı, inkan isə mürəkkəb olan hissəsinə deyilir. Adətən adi danışıqda hanko, rəsmi danışıqlar zamanı isə inkan sözü istifadə olunur. Yaponiyada möhür fərdin barmaq izi qədər vacib əhəmiyyət kəsb edir.

Hanko və ya inkanın müxtəlif növləri vardır. Gəlin bu növlər ilə tanış olaq.

1. Mitome-in – gündəlik qeyri-rəsmi qəbul və ya təsdiq üçün istifadə olunan möhürdür. Belə ki, evə çatdırılma xidmətlərindən faydalanmaq və ya ümumi yaşadığınız ərazi haqqında bildirişlər zamanı “Kairanban” (bildiriş taxtası) üçün istifadə edilən, rəsmi olmayan, qeydiyyatsız şəxsi möhürdür.
Bu cür möhürlər adətən rezin damğa (saçihata) və ya ucuz materiallardan kütləvi istehsal edilir.
Bütün ailə üzvləri tərəfindən istifadə edildiyi üçün çox vaxt sadəcə soyad qeyd olunur, hətta bəzən ləqəb də istifadə edilir. Kütləvi istehsal olunan, bir-birinin eynisi olan və rəsmi olmayan bu möhürlər banklar və ya rəsmi müqavilələr zamanı istifadə olunmur.

2. Şaçihata – əsas gövdəsində daxili mürəkkəb yerləşən damğa tipli möhürdür. Lakin Şaçihata əslində şirkət adıdır və Şaçihata tərəfindən satılan məhsulların rəsmi adı “Name-in”dir.
Bu möhürlərin yayğın olmasının səbəbi ayrıca mürəkkəb yastıqlarına və ştamplara ehtiyacın olmamağının rahatlığıdır və davamlı istifadəsi mümkündür. Uzunmüddətli sənədləşmə işləri və ya kuryer paketlərinin qəbulu zamanı səmərəli şəkildə istifadə olunur.
Bundan başqa hazır məhsul olduğuna görə dünyada eyni izə malik bir neçə möhür var. Bundan əlavə ştampın səthi rezindən hazırlanır və necə basıldığından və tətbiq olunma müddətindən asılı olaraq iz deformasiyaya uğraya bilir. Orijinallığına zəmanət vermək mümkün olmadığı üçün ümumiyyətlə rəsmi sənədlər üçün keçərli hesab edilmir.

3. Ginko-in – bank hesabları üçün istifadə olunan möhürdür.
Bu, bankda şəxsiyyətin yoxlanılması prosedurları (şəxsiyyətin təsdiqi) üçün istifadə olunan rəsmi möhürdür və hesab açıldıqda bankda qeydiyyata alınır. Möhür elektrik enerjisi, qaz və su üçün aylıq ödənişlərin bank hesabından avtomatik çıxarılması, habelə bank kassasından nağd pulun bir hissəsinin çıxarılması üçün müraciət edilən zaman istifadə olunur.


Bu cür əməliyyatlar zamanı hər dəfə bank işçisi qeydiyyatdan keçirilən möhür izini yoxlayır. Buna görə də, çox kiçik və ya hər hansı bir möhür uyğun deyil. “Ginko-in”in ailə üzvləri tərəfindən çox istifadə olunan “mitome-in”dən fərqli olması tövsiyə olunur. 13,5 -15 mm diametrli və şəxsiyyəti təsdiqləmək üçün uyğun həkk olunmuş ad hərfləri olan orta ölçülü möhürdən istifadə etmək məsləhət görülür.
4. Citsu-in“əsl” qeydə alınmış möhür deməkdir.
Bu, rəsmi və ən vacib möhürdür. Ev alarkən ipoteka krediti müqaviləsi kimi ciddi müqavilə məsələləri üçün istifadə olunur. “Citsu-in”ə malik olmaq üçün möhür rəsmi dövlət idarələrində və ya yaşadığınız ərazinin hüquqi səlahiyyətlərinə malik olan yerli hökumət idarəsində (bələdiyyə) qeydiyyatdan keçirilməlidir. “Tam ad”, “yalnız soyad”, “yalnız ad” və ya “qanuni ləqəb”i əks etdirən möhürü qeydiyyata almaq mümkündür, bunların hamısı hökumətin Əsas Yaşayış Reyestrində qeyd edilməlidir.


Möhürün ölçüsü tərəflər 8 mm ilə 25 mm arasında olması ilə bir kvadratın içərisinə sığmaq üçün məhdudlaşdırılır. Adambaşına yalnız bir möhür “citsu-in” kimi qeydə alınır.
“Citsu-in” mühüm müqavilə məsələlərində istifadə olunan rəsmi möhür olduğuna görə, ümumiyyətlə, “mitome-in” və “ginko-in”dən fərqli olmalı və onun çapının ölçüsü çox kiçik olmamalıdır. Bu cür möhürlər üçün yüksək keyfiyyətli, uzunömürlü materiallardan istifadə edilməsi məsləhət görülür.


Möhür qeydiyyatı başa çatdıqdan sonra “İnkan tourokuşo” və ya “İnkan touroku card” (möhür qeydiyyatı kartı) şəxsə təhvil verilir. Möhür qeydiyyat vəsiqəsini göstərməklə hər dəfə ehtiyac olduğu zaman kiçik ödəniş müqabilində “inkan şoumeişo” (möhür qeydiyyatı haqqında şəhadətnamə) əldə etmək mümkündür. İnkan şoumeişo “citsu-in” ilə bağlanan müqavilələr üçün tələb olunur və adətən ona əlavə olunur, çünki istifadə olunan möhürün düzgün qeydiyyatdan keçdiyini sübut edir. Hal-hazırda bir çox şəhər meriyası və yerli hökumət idarələri hətta gecə vaxtı və bayram günlərində belə avtomatlaşdırılmış maşın vasitəsilə “inkan touroku kartı” ilə “inkan şoumeişo” verirlər.

Xəyalə Əlizadə©yapon.az2024