Yapon dili

Yapon dili (日本語)haqqında qısa məlumat

Yapon dili Yaponiyanın rəsmi dövlət dilidir. Bu, dilin 125 milyondan çox istifadəçisi var. Dünyada ən çox danışılan dillərin sayına görə isə, 12-ci yeri tutur. Gəlin statistikanı kənara qoyaq, keçək əsas məsələyə. Yəni, yazı üslubuna. Bu, dilin düz 3 əlifbası var: hiraqana (ひらがな), katakana (かたかな) və heroqlif (kanci – 漢字). Əgər əlifbanı öyrənməklə vaxt itirməyib, yalnız danışmaq istəyirsinizsə romaci (yəni, latın əlifbası red.) əlifbasını istifadə edə bilərsiniz. Məsələn, “rinqo” romaci ilə yazılmış formasıdır. Alma deməkdir, yazıldığı kimi də oxunur. Amma Yaponiyaya getmək istəyirsinizsə və ya professional olaraq bu dili öyrənmək istəyirsinizsə məsləhət görərdim ki, hər 3 əlifbanı da öyrənəsiz. Digər tərəfdən, yapon dili qramatikası ilə Azərbaycan dili qramatikası çox oxşardır. Cümlə quruluşu demək olar ki, heç fərqlənmir. Yəni, əgər Azərbaycan dilinin qramatikasını yaxşı bilirsinizsə, bu dili öyrənmək çətin olmayacaq.

Hiraqana əlifbası – yapon mənşəli sözlərin yazılmasında istifadə olunur. Sözün heroqlif yazılışını bilmiriksə onu hiraqana əlifbası ilə də yaza bilərik. Hiraqana əlifbası 47 hərifdən ibarətdir. Həriflər heca şəklində oxunur. Məsələn, か – bu, hiraqana “ka” kimi oxunur.

Katakana əlifbası – Alınma sözlərin yazılmasında istifadə olunur. Ən çox ingilis dilindən alınma sözlərdə katakana əlifbasından istifadə edilir. 47 hərifdən ibarətdir. Necə bilərik ki, söz alınmadır? Məsələn, カード (ka-do) card (ingiliscədə). Xarici vətəndaşların adları, şirkət və ya xarici ölkələrin adları katakana əlifbası ilə yazılır. Məhz elə bizim adlarımız da katakana əlifbasını istifadə etməklə yazılır.

Heroqlif – 2000-dən çox heroqlif var. Çin dilindən alınma olsalar da, böyük təkamül göstərərək dəyişikliklərə məruz qalıblar. Çin dilində olan və yapon dilində olan eyni heroqlif hər iki dildə fərqli oxunuşa sahib olaraq, fərqli mənalar bildirir. Heroqlifin “Kun-yomi” və “On-yomi”, yəni, çin və yapon oxunuşu olur.

Heroqliflər başqa heroqliflə birləşdikdə onlardan istifadə edilir. Əgər heroqlifi oxuya və yaza bilmirsinizsə, o zaman hiraqana əlifbasından istifadə edə bilərsiniz.

Çətin heroqliflərin üstündə onların hiraqana oxunuşu verilir.

Gülşən Cabbarlı © yapon.az 2015

Müəllifin blogundan da yararlana bilərsiniz. yapon.az`ın yapon dili ilə bağlı videolarını isə burada izləyə bilərsiniz.

Advertisements