Tsuki ni kavatte oşiokio! (Ay adına sizi, cəzalandıracam! 😀 )

Yo minna! Bu gün sizlərə, qəlblərimizdə taxt quran və tarixinin ən gözəl animesi sayılan, çoxlarımızın “Ay savaşcısı” olaraq bildiyi (ing.) “Sailor Moon”dan danışacağam. ☺ Yaponca adı “Bişouco senşi Sera Mun” (美少女戦士セーラームーン) olan anime məşhur manqaka Naoko Takeuçinin əsəridir. 1992-ci il martın 7-də dünyaya salam deyən bu anime öz çəkiliş tərzi və qrafikası ilə dövrünün seçilən animesi olmuşdur. Bəs, “Sailor Moon” necə yaranıb? Manqaka “Sailor Moon”u yazarkən nədən ilhamlanıb? Bu suallarıma cavab axtararkən düşündüm ki, bunu  sizinlə də paylaşım, əziz oxucular və animesevərlər.Sailor_moon Belə ki, “Kodanşa” nəşriyyatındakı redaktor Naoko-sandan dənizçi forması geyinmiş qadın döyüşçülər yaratmasını istəmişdi (Bu arada Yaponiyanın orta məktəblərində qız şagirdlərinin məktəb forması, 1920-ci illərdə İngiltərə Krallıq Donanması dənizçi formalarından ilhamlanaraq hazırlanmışdır). Beləcə, “Sailor V” (bəli, bəli düz eşitdiniz) ərsəyə gəlmişdir ki, bu da animedəki Sailor Venera, ya da Venera döyüşcüsündən başqası deyil! V-nin başqa dünyadan olan pişik “Artemiz” ilə tanış olması, sehirli güclər qazanması və şər qüvvələrə qarşı döyüşməsindən bəhs edən manqa “Run Run” jurnalında yayımlandığı andan etibarən hitə çevrildi. Oxucu kütləsinin çox olması nəzərə alınaraq animenin də yaradılması qərara alındı. Manqakanın qədim Yunanıstan və Roma mifologiyasına, astronomiyaya böyük marağı vardı. Bundan əlavə, həmin illərdə hit olmuş “Super Sentai” animesi manqakanın sevimlisinə çevrilmişdi. Məhz bu maraq və həvəslərdən ilhamlanan müəllif manqaya daha 4 döyüşcü də əlavə edir və baş rolda “Sailor Moon”un olduğu günümüzün ən məhşur animesi yaranır.

“Sailor Moon” yoxsa qədim Yunanıstan və Roma mifologiyası?

Mövzu olaraq yunan-roma mifologiyasından ilhamlanan bu animedə mifik obrazlara yer verilmişdir. Belə ki, mifologiyaya görə Ay ilahəsi Selena (anime adı: Sereniti) Pandoradan çıxan axrıncı şey – ümidi – qorumaqla vəzifələndirilmişdir və bu vəzifədə özünə kömək üçün dünyadan qızlar seçərmiş (animedəki 4 planet döyüşçüsünü xatırladınızmı?) Bu qızlar da dünyadakı insanları şərdən və xəstəlikdən qoruyurdular (Merkurinin gücü! 💙, Marsın gücü! ❤️, Yupiterin gücü!💚, Veneranın gücü!🧡 Ehey ehey, yaxşı sakitəm 😀 ) Bəli, əgər animeni diqqətlə izləmisinizsə xatırlatmaq istəyirəm ki, bu qızlarımız həqiqətən də Yer kürəsini ələ keçirtməyə çalışan şər qüvvələrə qarşı döyüşərək dünyanı və ədaləti qoruyurdular.

artemis
Artemis
Luna
Luna

Bitdimi? Xeyr əlbəttə ki. 🙂 İndi isə keçək digər obrazlara… Bəs Usaginin pişiyi? Luna adı? Bəli, bəli, bu da mifik addır, amma pişik deyildir. Necə? Belə ki, Ay ilahəsinin roma mifologiyasındakı adı Lunadır 😀 . Pişik surətində Yerə ensə də, Ay Krallığında insan olan Luna məhz bu mifologiyadakı addan ilhamlanaraq adlandırılmışdır. Bizim ağ pişiyimiz Artemiz – o da Olimpin Ay tanrısıdır 😀 .

İndi isə dillərə dastan olan məhəbbətdən, Usagi və Mamoru və ya digər deyişlə Sereniti və Endimion eşqindən danışmaq istəyirəm. Bu, öz növbəsində mifologiyada da dillərə dastan məhəbbət hekayəsidir. Necə? Beləcə; animedə dünyadakı adı Mamoru olan, döyüş zamanı Taksedo Maska çevrilən, amma əslində isə Yer şahzadəsi Endimionun özü elə mifik obrazdır. Mifologiyada bu,  “Selena və Endimion” eşqi olaraq adlandırılır. Əfsanəyə görə, Ay ilahəsi Selena gizli-gizli bizim Yer şahzadəsi Endimiona aşiq olur, hər gecə ona baxar və bütün gümüşü şəfəqlərini Endimionun üzərinə sərərmiş. Bunu görən Endimion da gözəllliyinə heyran olaraq Selenaya vurulur… (animedəki mövzudur 😀 ) Animedə yaşanan o bədbəxt hadisə mifologiyada da var. Lakin bir az fərqli versiyada. Belə ki, Olimpin tanrısı Zevs bir insan ilə İlahənin eşqini düzgün hesab etmədiyindən Endimionu cəzalandırmaq üçün öz hüzuruna çağırır. Lakin Endimionun saf sevgisinə inanan Zevs ona istədiyi bir şeyi hədiyyə edəcəyini deyir. Özünün ölümlü, sevgilisinin ölümsüz olduğunu bilən Endimion, ölərək ondan ayrılmaq istəmədiyi üçün özünə “sonsuz yuxu” verilməsini istəyir…

sailor moon

İndi isə keçək animenin toxunduğu mövzulara! Getdik!

Şəxsi inkişafın vacibliyinin vurğulaması və fərd olmağı dəstəkləməsi

sailor moon

İlk olaraq qəhrəmanlarımızın anti – “Disney şahzadəsi” duruşlarından danışaq. Gənc qızlara ilham olacağı düşünülən “Disney şahzadələri”nin indiyə qədər bizlərdə yaratdığı imicə baxanda, Usagi Tsukino və rəfiqələri həmişə başqa yerdə dayandılar. Təəssüf ki, “Disney”in zərif şahzadələri, demək olar ki, həmişə yaraşıqlı və cəsur “Ağ atlı şahzadə”lərin gəlib onları xilas etməklərini və evlənib sonsuza qədər onları qorumalarını gözləyən kövrək biblolar olaraq qarşımızda idilər. Bu yanaşma Seylor Mun və rəfiqələrinə heç uyğun deyildi. Onlar bir-birlərinin əksiklərini tamamladılar, biri-birlərini qorudular, yeri gələndə pis vəziyyətə düşsələr belə öz mübarizələrində özləri döyüşdülər. Əlbəttə ki, Usagi də hər kəs kimi kədəri və sevinci ilə sonsuz gənclik eşqini yaşadı, bərabər şərtlərdə. Baxmayaraq ki, gözəl üzü, uzun, sarı saçları və incə bədənilə “gözəl qadın” steriotipini tərənnüm edirdi, lakin arada oğlanların dalınca qaçdığı da olurdu, sızanaqlarına, köklüyünə ilişdiyi də. Tənbəl, bacarıqsız və sulugözlü halı ilə möhtəşəm döyüşcü də deyildi. Amma bununla yanaşı taleyini gerçəkləşdirmək məcburiyyətində qalan saf və təmiz qəlbli biri idi. Dəyər verdiyi və özünü müəyyənləşdirdiyi şey də gözəllik olmadı. “Sevgi və ədalət”ə görə şər qüvvələrlə döyüşməyə, sevdiklərini və dünyanı qorumağa həsr etdi özünü…

Məktəbdən və ev tapşırığı etməkdən zəhləsi gedən tənbəl baş qəhrəmanımız oflaya-oflaya da olsa, dərsin başlamağına az qalmış güclə məktəbə çatsa da, təhsilini axsatmadı, anime də öz üzərinə düşəni etdi. Günəş sistemindəki planetləri beyinlərə qazımaqdan daha çoxunu sərgiləyərək, şəxsiyyət, duyğular və özünə güvən mövzusunda bizlərə bir çox şey öyrətdi. Sağlam əlaqələr və dostluqlar qurmağın, öz şəxsiyyətinə və mənliyinə sahib çıxmağın vacibliyini göstərərkən, zəka və ya gözəllik kimi qavramların da çox fərqli formada ifadə edilə biləcəyini öyrətdi. 

Cinsi ayrı-seçkiliyə münasibəti

Anime hər zaman qadın gücü və dirənişini mərkəzində tutdu, lakin “Qızların birliyi: Jadetin sonu” hissəsi zirvəsi oldu. Planet döyüşçülərinin başına davamlı müsibət açan, ürəyi xislət dolu Jadet guya Taksedo Maskı öldürdükdən sonra bir daha qəhrəmanlarımızın qarşısına çıxırdı. Qadın düşmənçiliyini əks etdirən bir çox boş söhbətdən sonra, başlarında kişi olmadan heç bir şey bacarmayacaqlarını söylədiyində, Seylor Mun yumruğunu havaya qaldıraraq bağırırdı: “Lənət olsun cinsi ayrı-seçkiliyə!

Beləcə, “qadın gücü”nün simvolik üzü olan Seylor Mun öz dövrünün dünya üzrə ən böyük təsirə malik animesi oldu. Hər hansı bir “kişi liderliyi”nə ehtiyac olmadan, öz başlarına min bir şər qüvvə ilə döyüşərək öncə Yaponiyada, sonra isə dünyada qadın gücünə qarşı olan bütün tabuları qırdı.

IMG-20200516-WA0042.jpg

Həmçinin, “Sailor Moon” manipulyativ səsləndirmə və ya kəsilmələrdən nəsibini almadığı orijinal halı ilə televiziyada yayımlanan animelərdən biri olaraq keçdi tarixə. Əvvəla, Haruka Tenou (Uran döyüşçüsü) və Miçiru Kaio (Neptun döyüşçüsü) arasındakı romantik əlaqənin mövcudluğu kifayət qədər dəqiq idi. Onlar biri-birilərinə aşiq idilər və bunu bir neçə dəfə sözləri, hərəkətləri ilə ifadə etmişdilər. Amerika televiziyasında onlar ən yaxşı dost olaraq göstərilsə də, Harukanın bir ara Usagi ilə mazaqlaşması nə bizim, nə də Miçurinin gözündən qaçdı 😀 . Digər bir əsas əlaqə də iki kişi arasında idi (BL). Bunlar düşmən tərəfindən Zoisite və Kunzite idi. Televiziyalar çarəni Zoisiteni qadın kimi səsləndirməkdə gördü. Döyüşçü Ulduzlar isə gündəlik hallarında kişi, döyüşərkən isə qadına çevrilirdilər və liderləri Seiya hər iki halında da bütün qəlbilə Usagiyə aşiq idi… İndiki dövrdə belə kifayət dərəcədə mübahisələrə səbəb olan bu məsələlərin təbiliyi 90-cı illərdə yayılmlanan bir animedə xüsusi səy göstərilmədən işlənilmişdi.

Dünyaca məşhur moda jurnallarının haqqını verdiyi möhtəşəm üslub

“Sailor Moon” personajları, yaradıcıları Naoko Takeuçi sayəsində həm xüsusi dizayn, həm də gündəlik geyimlərlə qarşımıza çıxdı. Takeuçi birbaşa “Thierry Mugler”, “Chanel” və “Dior”dan aldığı dizaynlar və 80-90-cı illərin gəncliyinin ürəyi getdiyi havalı və rahat hazır geyim parçalarından möhtəşəm geyimlər yaratmışdı.

“Louis Vuitton”un 2016-cı il bahar moda nümayişini açan model Fernanda Li, Seylor Munun cəvahiratlı tacının oxşarını taxmışdı 😀 .

Yaponiyanın 2018-ci il “Miss Universe” finalçısı Yuumi Kato, dünya finalının milli geyim keçidinə Seylor Mun kostyumu ilə çıxmışdı.

Makenai! Aşita e seeraa eeruu…

İstifadə edilən mənbə: complex.com
Xəyalə Əlizadə © yapon.az 2020

4 şərh

  1. O dövr uşaq olarkən şüuraltı hardasa başa düşürdüm. Amma qadın-qadın , kişi-kişi münasibətlərini qəbul etmək istəmirdim. Onların dost olduqlarına özümü inandırmağa çalışırdım. Nəisə ki, artıq bu periodu atlatdıq.

    Bəyən

  2. Uşaq ikən heç anlamırdım, bəzən qadın bəzən kişiyə oxşayan o insanların sevgisindən, axı bu kişidir,axı bu qızdır, yox bu kişi idi axı -ozum özümlə mübarizə aparırdım, hətta qiciqlanirdim, deyirdim bu nədir,niyə belədir,indilərdə çatıb ki bu nəyimis. Hələ daim kilsədə dovşan rəmzləri, böyük ehtimalla pasxanin təsiri də ola bilər. Bunların əməyinin nəticəsidir ki indi hər şey normaldır.

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.