Yaponiya rəngarəng olduğu qədər paradoksaldır. Şəxslərarası və sosial normalar baxımından Yaponiya Qərbdən çox fərqlənir. Bu, təmassız mədəniyyətdir, insanlar fərqli, fərdi məkanlara sahibdirlər. Görüşərkən onlar bizlər kimi qucaqlaşıb, öpüşmür, əl silkələmək əvəzinə əyilməyə üstünlük verirlər. Yaponiyada cəmiyyət nüfuzuna, yaşına, ailə münasibətlərinə, dostluq münasibətlərinə və hətta sevgili münasibətlərinə görə təbəqələnmişdir.

Bir çoxları Yaponiyanı həm də introvertlər ölkəsi adlandırır. Deyim var ki, Tokio dünyanın ən böyük şəhərlərindən biri olsa da, eyni zamanda, ən tənha olanıdır. Dolub-daşanda da qatarlar səssiz olur. İnsanların yolları çətinliklə nəzərə çarpacaq dərəcədə kəsişir. Yoldaşlar və ya kənar insanlar arasında təsadüfi söhbət demək olar ki, yoxdur…

Son illərdə hikikomori fenomeninin yarım milyon insanı əhatə etdiyi bildirilir. Bunun 80%-i kişilərdən ibarətdir. Bu insanlar iş, dost, məktəb, hobbi də daxil olmaqla bütün sosial əlaqələrdən imtina edənlərdir. Onlar adətən yataq otağında özlərini kilidləyir, bütün vaxtlarını internetdə keçirir, video oyunlar oynayır və ya televizora baxırlar. Bundan başqa, hər il minlərlə yapon kişi və ya qadın izsiz itkin düşür. Yaponiyada bu insanlar “cohatsu” (mayenin buxarlanması sözündən) və ya “buxarlanan” insanlar adlanır və nə qədər qəribə səslənsə də, onlar itkin düşmə planlarını özləri hazırlayır, heç bir xəbərdarlıq etmədən cavab axtarışında olan yaxınlarını geridə qoyaraq, sözün həqiqi mənasında buxarlanırlar. Əslində, hikikomori cohatsunun daha az ifrat versiyasından başqa bir şey deyildir. Hər ikisi eyni əsas sosial xəstəlikdən əziyyət çəkir: insanlar üçün olduqca çətin olan bir mədəniyyət.

XXI əsrdə cohatsu haqqında ilk araşdırmaya fransız jurnalisti Lena Mauger və fotoqraf Stefan Remaelin “İtkinlər: Yaponiyanın “buxarlanan” insanları” hekayə və fotolar toplusundan ibarət kitabında rast gəlinir. Kitabda göstərilir ki, 1992-ci ildə səhmlərin qiymətlərinin birdən düşməsilə ildə 100 minlərlə insan buxarlanmağa başladı. 

İnsanlar niyə izsiz yoxa çıxmağı seçir?

Yaponiya, xüsusilə, Tokio kimi böyük bir şəhərdə yox olmaq üçün bir çox səbəb var. Onlar işlərini, təhsillərini, ailələlərini əsasən, ümidsizlik və ya xəyal qırıqlığı səbəbilə tərk edirlər. Bir çox qadın məişət zorakılığından qaçmaq üçün, xüsusən, qadınları ərin zorakılığından qoruyan qanunlar zəif olduqda və ya həmin qanunlara, əksər hallarda, əməl edilmədikdə, bunu etməyə məcbur olur. Digərləri qumar borclarını geridə qoymaq üçün, başqaları boşandığı üçün… Lakin bir çox cohatsuya əl atan insan bunu özləri üçün “ən yaxşı” olanı seçmək, köhnə həyatlarını geridə qoyub yenidən başlamaq kimi qəbul edirlər.

Utanc cohatsu üçün başqa bir motivasiyadır. Yaponiyada itkinlər İkinci Dünya Müharibəsinin sonunda, ölkə ümumilikdə məğlubiyyət içində başını aşağı salanda da artmışdı. Hətta intihar Yaponiya mədəniyyətinə xas olan sosial təcrid, təklik və ümidsizliyə aid edilə bilər. Çoxları üçün intihar nəticədə qəzəblə dolu alçaldılmış həyatdan çıxmaq üçün ən yaxşı yoldur. Tarixən şərəf və ölümü rüsvayçılıqdan üstün tutmuş bir xalqın seppuki mədəniyyətini də unutmamaq lazımdır. Bəlkə də müasir dövrdə izsiz yoxa çıxmaq intihara daha asan, daha əlçatan alternativ kimi görünür.

Aktual

İtkin düşmək istəyi Yaponiyada o qədər adi hal alıb ki, artıq insanlara yox olmağa kömək edən “gecə agentləri” kimi tanınan ixtisaslaşmış müəssisələr də var. Ümidsiz bir qadına təhqiramiz ərindən qaçmağa kömək edən “gecə agentliyi” şirkətinə sahib olanlardan biri Miho Saitadır (sənədli filmdə onun işçiləri 2 saatdan az müddətdə qadın və uşaqlarının əşyalarını yeni bir şəhərdəki yeni bir evə aparmaqda kömək edir). Ötən il tanıdğım şəxs ailə zorakılığı səbəbilə öz istəyilə itkin düşdü və ona bu işdə kömək edənlər oldu. Polis və hüquq orqanları, sosial müəssisələr isə belə hallarda evi tərk edənin lehinə hərəkət edirlər.

Lakin araşdırma zamanı qarşıma çıxan Sugimoto kimilərin əhvalatı məni məyus etmədi deyil. O, ailə işində pul problemi yaşamağa başladıqdan sonra bir “gecə agentliyi”nin köməyilə necə yoxa çıxmasını tərtib etdiyini təsvir edərkən, bir səhər işə gedirmiş kimi evindən çıxdığını deyirdi. Bunu isə o belə təsvir edirdi: “İnsan münasibətlərindən bezdim və sadəcə bu yerdən qaçdım. Uşaqlarımdan çox narahat idim. Onları geridə qoymaq çətindir”. Sugimoto həyat yoldaşı və üç uşağını geridə qoymuşdu…

Buxarlananların ilk ünvanı

Vacib olan bir məqam odur ki, Yaponiyada cəmiyyətdən aşağıda bir toplum var; təsadüfi müşahidəçiyə görünməyən yeraltı bir dünya; insanların asan yoxa çıxa biləcəyi Sanya və Kamaqasaki kimi gettolar hesab olunan şəhərlər. Bunlar, əsasən, yakuza kimi tanınan Yaponiya mafiyası tərəfindən idarə olunurlar və burda insanların kirayə ev tutması üçün şəxsiyyət vəsiqəsi və ya hökumət sənədlərinə ehtiyac duyulmur. Özlərini cəmiyyətdən sürgün edənlər bu yerlərdə bəzən ayaqyolu və hətta pəncərələri olmayan ucuz otellər və bir otaqlı mənzillər tapa bilirlər.

Nəticə

Cohatsu və ya “buxarlanmış” insanlar yoxa çıxmağı seçən, cəmiyyətdən izsiz qaçan və əksər hallarda bir daha tapılmayan insanlardır. Onlar şübhəli şəkildə itkin düşmürlər, könüllü olaraq mövcud şəxsiyyətlərini dəyişərək yeni yerlərə köçən və keçmişi geridə qoyaraq yad insanlar arasında yenidən həyata başlayanlardır. Hər il yoxa çıxanların əksəriyyəti ya polis, yaxud ailələrin işə cəlb etdikləri dedektiv qurumlar tərəfindən ölü və ya diri olaraq tapılmasına, ya da özləri evə qayıtmasına baxmayaraq, təxminən 20 min insanın ailə, dost və ya işəgötürənləri tərəfindən bir daha görülməməsi dəhşət doğuran bir rəqəmdir. Üstəlik, Yaponiyada məxfiliyi qoruyan ciddi qanunlar var və polisin ATM əməliyyatları və ya maliyyə qeydlərinə giriş əldə edə bilməsi qanuna ziddir. Ayrıca, itkin düşmüş insanlar üçün məlumat bazasının olduğu ABŞ-dan fərqli olaraq Yaponiyada bu, mövcud deyil.

Ümumiyyətlə, vətəndaşların yoxa çıxması, bu vəziyyətdə – cohatsu dünya miqyasında baş verən bir hadisədir və Yaponiya ilə məhdudlaşmır. Baxmayaraq ki, amerikalılar birinin qəsdən yoxa çıxması anlayışını təsəvvür etməyin çətin olduğunu iddia edirlər, təəssüf hissi ilə deməliyəm ki, son dövrlərdə ölkəmizdə belə tez-tez insanarın evdən çıxıb bir daha geri dönməmələri xəbərlərini eşidirəm. Lakin Yaponiya cəmiyyətindəki “məziyyətlər” burada cohatsunun yaranmasını spesifik edir.

Araşdırma məlumat xarakteri daşıyır və Yaponiya cəmiyyətini yaxından tanımaq istəyənlərin maraq dairəsini nəzərə alaraq hazırlanmışdır. Heç bir halda insanların “buxarlanaraq” itkin düşməsinin tərəfdarı deyil və bunu təbliğ etmək məqsədi daşımır.
Bütün məsələlər danışaraq və sevgi ilə həll edilməlidir
Sevinc Nur © yapon.az 2020

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.