“Ovuciçi böyüklüyündə hekayələr” silsiləsi (掌 の 小説 ⌈tenohira/ tanaqokoro no şōsetsu⌉) yaponiyalı yazar Yasunari Kavabatanın ədəbi fəaliyyəti boyunca yazdığı 140-dan çox qısa hekayəyə verdiyi ümumi addır. Ən erkən hekayə 1920-ci ildə, sonuncusu isə 1972-ci ildə yazıçının vəfatından sonra nəşr edilmişdir. Hekayələr öz cəsarətli olmaları ilə xarakterizə olunurlar – bəziləri bir səhifədən də qısadır və dramatik nəticəsilə heyrətamizdir.

(S.N.)

***

“Ovuciçi böyüklüyündə hekayələr”

Ürək

Qadın sevmədiyinə görə onu atıb getmiş ərindən məktub aldı. Məktub onun gedişindən iki il sonra, uzaq diyardan gəlmişdi.

O yazırdı:

“Uşağı topla oynamağa qoyma. Onun zərbələri gəlib mənə çatır və ürəyimə dəyir.”

O da doqquz yaşlı qızından rezin topu alıb gizlətdi.

Ərindən yenə məkub gəldi. Çox uzaq bir diyardan göndərmişdi.

“Qoy qız, – o yazırdı, – dəri başmaq geyinib məktəbə getməsin. Ayaqlarının tappıltısı gəlib mənə çatır, mənə elə gəlir ki, ürəyimi tapdalayırlar…”

O, dəri ayaqqabılar əvəzinə qızına zəif keçədən hazırlanmış yumşaq səndəllər verdi. Qız çox ağladı və axırda məktəbə getməyin daşını atdı.

İkinci məktubun ardınca bir ay keçəndən sonra əri birini də göndərdi. Xətti kələ-kötür idi, inamsız qocalara xas yazılmışdı.

O yazırdı:

“Qızı çini kasada yeməyə qoyma. O, qabın cingiltisi gəlib mənə çatır və ürəyimi parçalayır…”

Və o, üç yaşdakı uşaqlar kimi qızını taxta cubuqlarla yedizdirməyə başladı. Qızının üç yaşı olduğu vaxtlar yadına düşdü: əri də şad, özündən razı halda hələ onlarla birlikdə yaşayırdı.

Bir dəfə qızı ona bir söz demədən dolaba yaxınlaşdı və öz kasasını götürdü…

Ana tez-tələsik qızından çini kasanı dartıb aldı və bağa tulladı. Kasa daş döşənmiş cığıra dəyib çilikləndi. Ona elə gəldi ki, sanki ərinin ürəyi parça-parça oldu. Bəlkə doğrudan da indi onun qəlbi sındı. Nahar masasına əl atdı və o da bağa tərəf uçdu. Bax, bu oldu səs! O, kağızdan düzəldilmiş, açılıb-örtülən arakəsməyə tərəf atıldı, dəli kimi yumruqlarıyla onu döyəcləməyə başladı və bədəninin ağırlığından onu cıraraq döşəməyə yıxıldı.

A-na! – qız hönkürərək ona tərəf qaçdı.

A-na… A-na…

O, ayağa qalxdı və qızın yanağına şillələdi.

– Bu səsi eşidirsən, eşidirsən, yaramaz qız?!

Və yenə əri məktub göndərdi. Kağız lap uzaqdan – yeni bir diyardan ünvanlanmışdı.

Əri yazırdı:

“Siz bundan sonra heç bir səs çıxartmamalısınız. Siz qapı və pəncərələri nə açmalı nə də bağlamalısınız, siz saatı qurmamalısınız ki, onun əqrəblərinin taqqıltısı eşidilməsin. Siz nəfəs almamalısınız”…

– Siz etməməlisiniz… siz etməməlisiniz, siz etməməlisiniz…

Başqa sözlə, ana və qız öldü.

Amma, nə qədər qəribə olsa da, balışın üstündə keçinmiş arvadın üzü ilə yanaşı, onun ölmüş ərinin uyuyan sifəti də görünürdü…

Tərcümə: Aydın Xan Əbilov
“Ədəbiyyat” qəzetində nəşr olunub (18.09.14)
© yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.