“Buludların arxasında” (2004), “Saniyədə 5 sentimetr” (2007), “Ulduzları qovan uşaqlar” (2011), “Söz bağçası” (2013), “Sənin adın” (2016) animelərinin müəllifindən yeni bir anime: “Havanın övladı” (天気の子 ⌈tenki no ko⌋). Bütün bu animeləri birləşdirən – filmin rejissoru və müəllifi Makoto Şinkai (新海 誠) isə yəqin ki artıq çoxlarına tanışdır.

Bu filmdə hekayə rejissorun əvvəlki əsərlərindən daha sadə və adidir, daha az komediya, daha az dərinlik və dram var. Bəzi hallarda hətta filmin yerli-yersiz kəsildiyi hissi izləyicini darıxdırır (şəxsən məni). Çəkiliş və kompyuter qrafikası isə bütün Şinkai filmlərindəki kimidir, məhz “kimidir”, bu xüsusi şərhsiz ifadənin yerini doldurmağı isə sizə buraxıram…

Hərfi tərcümədə “Havanın övladı” (və ya “Hava övladı”) animesinin süjet xəttini bir-birinin həyatını mənalandırmaq üçün Tokioda təsadüfən görüşən Hina və Hodaka adlı bir yeniyetmənin hekayəsi təşkil edir. Hodaka yeni bir həyata başlamaq üçün böyük şəhərə qaçan gənc, Hina isə havanı dəyişdirmək kimi fövqəladə gücə sahib olan, heç vaxt ruhdan düşməyən bir qızdır. Onun olduğu yerdə həmişə Günəş doğur.

Yağışda boğulan meqapolis, nəhəng buludlar, bəzən onların arasından boylanan günəş şüaları, tanış dar küçələr, sadə, lakin keşməkeşli paytaxt həyatı, adi gündəlik yeməklər və yenə də bu səhnələrin əbədi qalmasını istəyən izləyici… Mistisizm və trillersayağı bir toxunuş olmasına baxmayaraq, əsas hekayə dünyəvi olaraq qalır və bir çox izləyiciyə yaxındır; əyalətdən gələnləri sərt qarşılayan böyük şəhər, özünü tapmaq üçün aparılan mübarizə, yaxınları itirmək, ailə ilə yenidən birləşmək və asılılıqların öhdəsindən gəlmək arzusu… Ancaq bütün bu müddətdə arxa planda təbiətlə dialoq var. İnsan göyün ona diqtə etdiyinə müdaxilə etməlidirmi və ya insanın istəkləri hadisələrin müəyyənləşdirilmiş qayda-qanunundan vacibdirmi, bir insanın həyatı və ya iki nəfərin xoşbxtliyi sellə boğuşan şəhərdən üstün ola bilərmi?!

İzlədikdən sonra yeni suallarınız da doğacaqdır müləq!  

Anime ilk dəfə 19 iyul 2019-cu ildə Yaponiyada nümayiş olunmuşdur. Film 1997-ci ildən sonra ilk dəfə Yaponiya tərəfindən nüfuzlu, 92-ci “Oscar” film mükafatına “Xarici dildə ən yaxşı film” kateqoriyasında namizəd göstərilib. Tənqidçilər isə animenin bu qədər səs-səda doğurmasının səbəbini “Sənin adın”la bağlayır.

Nümayiş olunduğu ilk 3 gün ərzində anime “Sənin adın” filminin izlənmə rekordunu 28,6% üstələmiş və 1.643.809.400 yen (təxminən 15.22 milyon dollar) qazanmışdır. 25 avqust tarixinə olan statistikaya əsasən, 8 milyon bilet satılmış və 10.73 milyard yen (təxminən 101 milyon dollar) qazanmaqla anime, Yaponiyada ən  çox satılan filmlər sıralamasında 9-cu olmuşdur.

“Tenki no ko” müəllifin yaxşı filmlərindən biridir yeqin, şübhəsiz ki ən yaxşı filmi deyildir. İstənilən halda fikir söyləmək üçün filmi izləmək lazımdır.

Sevinc Nur © yapon.az 2019

 

One comment

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.