Yaponiya! Hər gün günəşi borc alırıq səndən. Hər gün Fucidən bu yana bütün düzlərini, çaylarını dolaşıb gəlir günəş biz tərəflərə. Sonra yenidən yerinə qayıdır, dünyaya gəldiyi yerə – geri qayıdır. Mən isə mənə verilən “nəyini sevirsən Yaponiyanın?” sualına cavab tapmağa çalışıram…

Nəyini sevərlər bir ölkənin… Mən heç cür anlada bilmirəm, bir ölkənin meşəsində ayaq izinə sahib olmaq istəməyin, sadəcə istəməyin, düşünməyin verdiyi o mükəmməl hissi. İzah edə bilmirəm ki, necə yox olarlar bir ölkənin mədəniyyətində, necə yatarlar Zen musiqisi dinləyərkən, necə oyanarlar Yaponiyadan gələcək günəşi qarşılamaq həyəcanı ilə.

Yaponiya, əminəm, əminəm ki, insanların bir neçə həyatı olur. Və mən hansısa əvvəlki həyatımda katanası əlindən düşməyən bir samuray qız olmuşam, ən gözəl məbədində ən gözəl mərasimlərdə çay hazırlayan o qız olmuşam… Bəlkə də ən gözəl şeirlərin dilimdə, səsimlə yarpaqları titrədən hansısa geişa, düyü tarlasında quşlara göz ağardan kəndli qız, Hiroşimada yataqda tsuru (durna) düzəldən ümidsiz balaca, ya da səni, fırçasının hər rəngində görmək istəyən bir rəssam olmuşam.

Əvvəlki həyatımda nə olmuşamsa, bu həyatımda da o olacam, Yaponiya. Və bir gün burda gecə düşəndə geriyə evinə qayıdan o günəşlə birgə mən də qayıdacam, geriyə – sənin yanına…

Gülər Nursu © yapon.az 2019

Leave a Reply

%d bloggers like this: