Martın 5-i 2019-cu ildə Çikaqoda növbəti Pritzker mükafatının (ing. Pritzker Architecture Prize) qalibi elan edilib. O, 87 yaşlı yaponiyalı memar, şəhərsalma üzrə mütəxəssis və nəzəriyyəçi Arata İsozakidir. Mükafatı təltif edən münsiflər heyəti qərarını şərh edərkən İsozakini memarlıq sahəsində ensiklopedik bilik sahibi, parlaq nəzəriyyəçi və eyni zamanda, yorulmaz avanqard sənətçi adlandırıb.

Arata İsozaki (磯崎 新) 1931-ci ildə Oita (Fukuoka, Kyuşu) şəhərində anadan olub. 1954-ci ildə Tokio Universitetinin Mühəndislik fakültəsindən məzun olduqdan sonra karyerasına başlayıb. 1963-cü ildə o, öz şirkətini (Arata Isozaki & Associates) quranadək Kenzo Tangenin rəhbərliyi altında çalışıb.

La koruna İnteraktiv Elm Muzeyi (1993-1995, İspaniya). Şəkil: Hisao Suzuki.
La Koruna İnteraktiv Elm Muzeyi (1993-1995, İspaniya). Şəkil: Hisao Suzuki

Kenzo Tange Aratanın ilk müəllimi də hesab oluna bilər. Məhz o, 1987-ci ildə Pritzker mükafatını alan ilk yaponiyalıdır. Kenzo Tangenin ən istedadlı şagirdlərindən biri olan İsozaki 1960-cı ildə onunla birgə Böyük Tokio layihəsi üzərində işləmişdir. Memarlar bu layihədə meqapolisi Tokio körfəzində iri körpü üzərinə daşımağı hədəf seçmişdilər. Asma evlərdən, toxunma yollardan ibarət olacaq bu layihə Le Korbuzye (gərçək adı fr. Charles-Édouard Jeanneret – İsveçrəli memar. Yeni müasir memarlığın liderlərindən və memarlıqda rasionalizmin yaradıcılarından biri) ideyalarından ilhamlanan, XX əsrin son real fantastik şəhəri idi. Təəssüf ki, layihə rədd edilmişdir.

Hiroşimaya bomba atıldığı zaman İsozaki on üç yaşında idi. Tələbəlik dövrü isə Yaponiyanın İkinci Dünya müharibəsinin təsirindən qurtulmağa və uzun illər işğaldan sonra orijinal görünüşünü bərpa etməyə çalışdığı dönəmlərə təsadüf edir. Arata da Kenzo Tange kimi əvvəl məmləkəti Fukuoka, daha sonra isə ölkə daxilində “yenidənqurma” tipli layihələrdə fəaliyyətini davam etdirmişdir.

1980-ci illərdə xaricdə ilk layihəsi – Los-Ancelesdəki Müasir İncəsənət Muzeyini yaradır. Bu layihə vasitəsilə memarlıq dünyası onun varlığından xəbər tutur. O vaxtdan etibarən İsozaki dünyanın bir çox ölkələrində avanqard layihələr həyata keçirmiş, ən mühüm memarlıq yarışlarında iştirak etmiş və münsif kimi iştirak etdiyi yarışlarda Zaha Hadid və Daniel Libeskind kimi bacarıqlı memarları kəşf etmişdir.

İsozaki əsərlərində yapon metabolizmi (新陳代謝 ⌈şinçintaişa⌋ XX əsrin 50-ci illərində Yaponiyada yaranmış cərəyan) və Qərb postmodernizmi ideyalarını birləşdirməyə müvəffəq olmuşdur. İsozakinin üslubu hər hansı bir memarlıq stilinə aid edilə bilməz. Özü bunu belə izah edir:

“Dəyişikliklər qalıcı hala gəldi və paradoksal olaraq bu mənim üslubum oldu”.

İsozaki artıq altmış ildən çoxdur ki, özünü  bu sənətə həsr edib, bu müddət ərzində dünyanın yüzdən artıq layihəsini – Asiya, Avropa, Şimali Amerika, Avstraliya və Yaxın Şərqdə – inşa etmişdir. İsozaki çox səyahət etmiş, ölkələri memarlıq baxımından araşdırmışdır.

“Dünyanı öz gözlərimlə görmək istədim. Otuz yaşıma çatmadan dünyanı azı on dəfə səyahət etdim. Müxtəlif yerlərdə – Yaponiya, İslam aləmi, Çinin dağlıq əraziləri, Cənub-Şərqi Asiya və ABŞ-ın meqalopolislərində oldum. Hər dəfə özümdən soruşdum: “Memarlıq nədir?”

Memarlıq dünyasında ən nüfuzlu mükafat hesab edilən Pritzker 1979-cu ildən etibarən hər il təltif olunur. Pritzker dünyada çox məşhurdur və Nobel mükafatının analoqu hesab edilir. Pritsker mükafatını digər yaponiyalı memarlar – 1993-cü ildə Fumihiko Maki, 1995-ci ildə Tadao Ando, 2010-cu ildə Kazuyo Secima və Ryue Nişizava (SANAA), 2013-cü ildə Toyo İto, 2014-cü ildə Şiqeru Ban qazanıblar.

Sevinc N. © yapon.az 2019

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.