Maraqlıdır

Kitsune

Əfsanələrə görə, kitsune`nin yaşı çoxaldıqca, onun sehrli gücü və quyruqlarının sayı da artır

Tülkü müxtəlif ölkələrin mədəniyyət və folklorunda müxtəlif obrazlarda təsvir olunur. Adətən rus nağıllarında (və bilavasitə Azərbaycan folklorunda) gördüyümüz tülkü əsasən hiyləgər canlı obrazında təsvir olunur və demək olar ki, əksər hallarda antaqonist (baş qəhramanın əksinə, ona məqsədinə çatmaq üçün maneə) olur. Fərqli mədəniyyət və adət-ənənələrə sahib olan Yaponiyada isə tülkü çox maraqlı ve qeyri-adi obraza malikdir.

Kitsune fox kitsune mask (1)

Yapon dilində tülkü “kitsune” (yap. 狐、きつね) adlanır və Yaponiyanın folklor və mədəniyyətinin ayrılmaz, geniş tanınan və çox vacib bir elementidir. Bu obrazın kökü min illər öncə Çin mifologiyasından öz başlanğıcını götürür. Çin mifologiyasında “huli jing” (çin. 狐狸精) adlanan tülkü ruhunun obrazı uzun illər öncə Yaponiya folkloruna daxil olaraq, daha da maraqlı obraza çevrilmişdir və bu günlərə kimi Yaponiya mədəniyyətinin bir hissəsi kimi geniş tanınır.

Yəqin ki anime izləyiciləri müxtəlif animelərdə tülkü obrazına rast gəliblər. Rusiya və digər ölkələrin folklorunda təsvir olunan tülküdən fərqli olaraq, Yaponiya tülküsü adətən, ağ rəngdə və çoxquyruqlu kimi təsvir olunur. Kitsune adi tülkü deyil, onlar “youkai” (yap. 妖怪, tərc. ruhlar və kabuslar) adlanan mifoloji varlıqların bir növüdür. Qədim Yaponiya ədəbiyyatlarında kitsune çox ağıllı və sehrli varlıqlar kimi təsvir edilirlər. Onların ən maraqlı xüsusiyyətləri isə insan, xüsusən də, gözəl bir qadın obrazına girməkləridir.

Əfsanələrə görə, kitsunenin yaşı çoxaldıqca, onun sehrli gücü və quyruqlarının sayı da artır və beləliklə, ən çox 9 quyruq sahibi ola bilərlər. Doqquz quyruqlu kitsune, Kyuubi no Kitsune (yap. 九尾の狐、きゅうびのきつね、tərc. doqquz quyruqlu tülkü) adlanır və yaşı bir neçə 100 illiyi ötmüş, müxtəlif sehrli güclərə malik olan ruhlardır. Çindən gəlmiş inanclardan əlavə, Yaponiyada tülkü öncədən şintoizmin ən vacib ilahələrindən biri hesab edilən İnari`nin (稲荷) carçısı (yap. 使い、つかい) və əsas atributu idi. Hətta İnari`nin özü bir çox qədim rəsmlərdə kitsune formasında təsvir olunmuşdur. Yaponiyaya ilk səfər edən Rusiyalı səyyahlar qeyd edirlər ki, yaponlar adi tülkü gördükdə vahiməyə düşərdilər və düşünürdülər ki, qarşılarında kitsune ruhu və ya İnari ilahəsidir.

Kitsune fox kitsune mask (2)

Fuşimi İnari Taişa-dakı kitsune heykəli

Yaponiyada İnari ilahəsinə həsr edilmiş çoxsaylı şinto məbədlərini ziyarət etsəniz, orada mütləq tülkü heykəllərinə rast gəlmək olar. Bu tülkü heykəllərinin əksəriyyəti ağızlarında açar tuturlar. İnari, şinto mifologiyasında düyü və düyü məhsuldarlığı ilahəsidir və tülkülərin ağızlarındakı açarlar düyü anbarlarının açarları hesab edilir. Ən məşhur İnari məbədi Kyoto şəhərində yerləşən Fuşimi İnari Taişa (伏見稲荷退社) məbədidir.

Məbəddə yüzlərlə tülkü heykəllərinə rast gəlmək mümkündür. Məbəddə, həmçinin, tülkü maskaları da əldə etmək olar. Yaponiyanın əksər festivallarında bu maskaları taxmış insanları görə bilərsiniz. Yaponiyanın digər şəhərlərində də İnari`yə həsr olunmuş çoxsaylı məbədlər vardır. Misal üçün Saqa prefekturasında yerləşən Yutoku İnari məbədi (祐徳稲荷神社) və Sapporo şəhərində yerləşən Fuşimi İnari məbədini (札幌伏見稲荷神社) göstərmək olar.

Kitsune fox kitsune mask (3)Kitsune fox kitsune mask (4)

Kitsune obrazına Yaponiyanın müxtəlif incəsənət növlərində rast gəlmək olar. Milli Yaponiya teatrı Kabukidə, Genkurougitsune (源九郎狐) və Kuzunoha (葛の葉) adlı qəhrəmanlar bu misallardan biridir. Müxtəlif janrlarda olan yapon musiqilərində də tez-tez kitsune adı hallanır. Məsələn, metal idol qrupu “Babymetal”ın “Megitsune” adlı mahnısı və s.

Kyuukon Ninetails Pakemon pacemon

Kyuukon pakemon

Anime və video oyunlar aləminə gəldikdə də kitsunedən yan keçmək olmaz. Məsələn, 2000-ci illərdə çox məşhur olan “İnuyaşa” adlı anime və manqa seriyalarında, Şippo adlı balaca kitsune əsas qəhrəmanlardan biridir və demək olar ki, bütün seriyalarda çıxış edir. Digər misal kimi, “Okami” adlanan Yaponiya istehsalı olan video oyunu gətirmək olar. Bu oyunda kyuubi no kitsune mənfi obrazda əks olunur. Həmçinin, dünyada ən tanınmış animelərdən olan “Pokemon” seriyalında Kyuukon (ingiliscə versiyasında Ninetails) adlı doqquz quyruqlu tülkü Pokemon vardır.

Yaponiyada kitsune o qədər populyar bir obrazdır ki, ona hətta milli yemək növü də həsr olunub. Rəvayətə görə, kitsune qızardılmış soya pendiri, aburaage`ni (油揚げ) çox sevdiyi üçün, tərkib hissəsi bu məhsul olan əriştə şorbasına Kitsune Udon adı qoyulmuşdur.

Kitsune Udon

Hüseyn Əsgərov © yapon.az 2018
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma