“İnanın və oxumağa davam edin. Hər şey yaxşı olacaq!”

Yeni müsahibə ilə qarşınızdayıq! Bu dəfəki müsahibimiz sizə Yaponiyaya aparan yollar haqqında danışacaq. Yetəri qədər uğurlara imza atan Gülşən Ağayeva Gəncə şəhərində doğulub. 21 yaşında Abşeron Təcrübə Stansiyasında laborant kimi fəaliyyət göstərən Gülşən 15-ci Bakı Yapon dili natiqlik müsabiqəsinin qalibidir. Eləcə də ,Yapon Fondunun ayırdığı təqaüd hesabına dünya üzrə hər birindən bir nəfər olmaqla 52 ölkədən, 2 həftəlik Osaka şəhərinə getmək şansı əldə edənlərdəndir. Qərara gəldik ki, onun uğur hekayəsini elə öz dilindən sizə çatdıraq. 

– Salam, Gülşən. Necəsiniz? Yay bitib hər kəs işə qoyulub. Siz nələrlə məşğulsunuz?

– Salam! Bəli, hər kəs işinə və dərsinə qayıdıb. Mən isə məzun oldum və hal-hazırda işləyirəm. Eyni zamanda, yapon dili üzərində çalışmağa davam edirəm.

– Ənənəvi sual, nəyə görə başqa bir ölkə yox, Yaponiya sizi cəlb etdi?

– Düzü, uşaqlıqdan Şərq ölkələrinə marağım var idi. Yaponiya haqda bir ölkə kimi kiçik siniflərdən məlumatım var idi. Ali məktəbə daxil oluqdan sonra daha da marağımı çəkdi. Bunda animelərin rolunu da qeyd etmək istərdim. Mədəniyyəti ilə dərindən tanış olduqca marağım artdı və arzularımın ölkəsinə çevrilməyə başladı.

– Yapon dili öyrənmək qərarına necə gəldiniz?

– Hələ kiçik siniflərdə həmişə belə bir xəyalım var idi ki, nə vaxtsa çox insanın oxuya bilmədiyi əlifbaya sahib bir dili öyrənəcəm. Lakin bunun yapon dili ola biləcəyi təbii ki ağlıma gəlməzdi. Mədəniyyətinə marağım artdıqca dilini də öyrənmək həvəsim yarandı. Hətta paralel baş verdi deyə bilərəm.

– Ətrafınızdakılar necə münasibət göstərirdi sizin bu həvəsinizə?

İlk vaxtlarda, sadəcə anam dəstək olurdu. Digər insanlar isə ilk eşitdikləri anda ya gülür, ya da “çox bekarsan”, “başqa dil qalmadı”, “guya gedə biləcəksən ki ora?” kimi reaksiyalar verirdilər. Sonralar düzəldi, çox şükür. Əks çıxan insanlar da dəstək olmağa başladılar, sağ olsunlar!

– Düşünürdünüz ki, bu qədər uğurlara imza ata biləcəksiniz? Yoxsa elə həvəskar kimi qalmaq istəyirdiniz?

İlk başlarda ümumiyyətlə bacarmayacağımı düşünürdüm. Çünki özüm həvəskar başlamışdım. Hazırki yapon dili kursu və mühitim yox idi. Lakin davam edə biləcəyimi, alındığını gördükcə məqsədlərim də böyüməyə başladı və indi olduğum yerə gəlib çıxdım.

– Bir il əvvələ qayıdaq, elə hardasa bu vaxtlarda 15-ci Bakı Yapon dili natiqlik müsabiqəsinə qatıldınız və ilk yeri tutdunuz. Müsabiqəyə qatılmaq qərarına necə gəldiniz?

– Mən müsabiqəyə qatılan il ilk dəfə bizim kursun tələbələrinə də iştirak şansı verilmişdi. Çox sevincli, eyni zamanda, həyəcanlı idik. Müsabiqəyə qatılmağımı, ümumiyyətlə, yapon dilində əldə etdiyim bütün nailiyyətlərimi əziz senseim-ə borcluyam. Onun dəstəyi və motivasiyası olmasa bu qədər əmin addımlar ata bilməzdim deyə düşünürəm. Məqsədim müəllimimin adına layiq bir çıxış etmək, onu məyus etməmək idi. Yarışın gətirdiyi həyəcanla yer barədə düşünmək belə olmurdu, birinci olmaq məqsədim də deyildi. Hətta hər kəs bir-birinə öz inşalarını danışıb səhvlərini düzəltdiyi belə olurdu.

22070249_792295334306329_1610220416_o

22050683_792295317639664_2009961102_o
15-ci Bakı Natiqlik Müsabiqəsi

– Bu müsabiqə dünyanın hər yerində keçirilir. Qalib olan azsaylı tələbələrdən biri olmaq necə hiss idi?

– Qürurverici. Ən çox da ölkəni xaricdə təmsil edəcəyini bilmək çox gözəl bir hissdir.

– Qalibiyyətdən sonra Azərbaycanı təmsil etmək üçün Moskvaya getdiniz. Layiq görüldüyünüz yer sizi qane edirdi?

– Moskvadakı yarışda həqiqətən çox güclü rəqiblər var idi. 19 iştirakçı içərisində 4-cü yeri tutmaq mənim üçün kifayət qədər qaneedici idi. Təbii ki, ölkəmi birinci etmək üçün əlimdən gələni etdiyimi düşünürəm. Amma nə olar. Növbəti nəsillərin adımızı daha ucalara qaldırmasını diləyirəm.

– Bir neçə gün sonra 16-cı Bakı yapon dili natiqlik müsabiqəsi start götürəcək. İştirakçılara nə kimi məsləhətiniz var?

– İştirakçılara məsləhətim odur ki, həddindən artıq həyəcanlanıb çıxışlarına xələl gətirməsinlər. Həyəcanlanmamaq əldə deyil. Lakin bu bir təcrübədir. Hamı çalışıb bacardığının ən yaxşısını etməlidir deyə düşünürəm. Çıxış edərkən və ya bitirdikdən sonra üzünüzdən gülümsəməni əskik etməyin. Biz də dinləyicilər olaraq hər kəsin layiqli çıxışını alqışlamaq istəyirik.

– İndi digər bir uğurunuzun sirrini də dinləmək istəyərdik. Bir neçə gün əvvəl Osakadan qayıtmısınız. Təəssüratlarınız necədir?

– Bəli. Təəssüratlarım çox gözəldir. Xəyallarının ölkəsinə getməyi bacarmış birinin təəssüratları necə ola bilərsə…

– İki həftəlik Osaka proqramı…. Necə qazandınız bu şansı?

22047450_792288987640297_1853685248_o

– Bu şans yenə də bizim kursun tələbələrinə bu il verilmişdi. Test və müsahibə olan iki mərhələdən keçdim və oraya getmə şansı mənə verildi.

– Səhv etmirəmsə bu, Yaponiyaya ilk gedişiniz idi. Xəyalını qurduğunuz, animedən, kinolardan gördüyünüz, kitablardan oxuduğunuz Yaponiya ilə qarşılaşdınız, yoxsa…

– Bəli, ilk gedişim idi. Xəyalını qurduğum ölkə ilə qarşılaşdım. Sözün həqiqi mənasında təsəvvür etdiyim kimi idi. Əlbəttə ki, ilk baxışda normal şəhərlər, normal küçələr, insanlar. Lakin gəzdikcə, insanlarla ünsiyyətdə olduqca artıq həqiqətən də “bura Yaponiyadır!” fikri beyində canlanırdı.

– Bəs Yaponiya haqqında formalaşan fikrinizdə nə kimi dəyişikliklər oldu? Müsbət və ya mənfi mənada?

22047450_792288987640297_1853685248_o

– Düzünü desəm, necə düşünürümsə o cür idi hər şey. 2 həftə mənfi və müsbəti ayıra bilmək üçün kifayət edirmi bilmirəm, amma müsbət fikirlərim çoxdur. Küçələr təmiz idi. Gülməli səslənsə də zibillə birlikdə zibil qabı da gözə dəymirdi. Maraqlı gələn bir digər hal də çətir tutaraq velosiped sürən insanlar idi. Bir yandan təhlükəli olsa da yağış çox yağır deyə başqa çarələri olmadığından belə etdiklərini düşünürdük (red.; əslində, yağılı havada çətirlə yolda velosiped sürmək Yaponiyada qadağandır. Bunun üçün yağılıqlar var). İnsanlardakı gülər üzlülük və yardımsevərlik də bizi çox xoşbəxt edirdi. Və əlbəttə Yaponiya deyəndə ilk ağla gələn dəqiqlik anlayışı. Bu oradan qalan ən xoş təəssüratım oldu deyə bilərəm. Qatarlar tam vaxtında fəaliyyət göstərir, insanlar deyilən vaxtda öz yerlərində olurdu. Biz də bu cür rejimə tabe edildiyimiz üçün hər bir işimiz vaxtında və dəqiq həyata keçirdi.

22068699_792288710973658_1870026015_o

– Yaponiyalılara Azərbaycandan gəldiyinizi deyəndə, tanıyırdılarmı? Yapon tələbələrin ölkəmiz haqqında məlumatı nə qədər idi?

– Təəssüf ki, gənc nəsil bizim ölkə haqda biliyə sahib deyildi. Yaşlı nəsil insanları daha yaxşı tanıyırdı. Keçmiş Sovet tərkibindən ayrılan ölkə olaraq tanıdıqlarını bildirirdilər.

– Orda gedib gəzdiyiniz yerlərdən ən çox sevdiyiniz hara oldu?

– Getdiyim yerlərdə sevmədiyim bir məkan olmadı açığı. Amma təbii ki, qədim Buddist və Şinto məbədləri Yaponiya tarixinin və mədəniyyətinin simvolu kimi bizi valeh edirdi. Bunlar arasında ən sevdiyim isə İtsukuşima məbədi və Kyotodakı Fuşimi İnari məbədi oldu.

– İki həftənin ən maraqlı xatirəsi nə oldu sizin üçün?

– Bizimlə birlikdə 51 ölkədən gələn tələbələr var idi. Hər biri fərqli mədəniyyətdən olan. 2 həftənin maraqlı keçməsinə səbəblərdən ən böyüyü elə həmin tələbələrin mühiti idi. Yəni sevdiyin şəhərləri həmin insanlarla birlikdə kəşf etmək çox maraqlı idi. Ən maraqlısı da ayaqlarımız qırılanadək çıxıb bitirə bilmədiyimiz Fuşimi İnari məbədinin pilləkənlərindəki macəralarımız oldu.

– Tək olmaq çətin deyildi? Başınıza nəsə xoşagəlməz hadisə gəldimi?

– Tək olduğum yadıma gəlmir, açığı. Bizi daima qrupla və s. harasa aparırdılar. Lakin xoşagəlməz hadisə demək olar ki, başımıza gəlmədi. Bircə dəfə qatarla səhv getdiyimizi düşündüyümüz zaman iki nəfər yapon xanım yaxınlaşaraq bizə köməklik göstərmişdilər. Bir də biz orada olanda gələn güclü tayfun. Lakin bir gün öncədən bütün ölkədə xəbərdarlıq verildiyindən heç bir təhlükə ilə rastlaşmadıq.

– Oradan ayrılanda bura – ailənizin, dostlarınız yanına qayıtdığınıza sevinirdiniz, yoxsa Yaponiya sevgisinizi 2 həftəyə sığışdıra bilməmişdiniz?

– 2 həftə bizim üçün yuxu kimi gəlib-keçdi və oradan ayrılmaq sözün həqiqi mənasında çox çətin oldu. Göz yaşları içində vidalaşdıq mərkəzimiz və tələbələrlə. Lakin orada yaşadığım təcrübələri ailəmlə, dostlarımla paylaşmaq üçün də səbirsizlənirdim. Yaponiya 2 həftəyə sığışdırıla bilməyəcək bir ölkədir. Lakin xəyallarımızı gerçəkləşdirmək üçün kifayət etdi deyə düşünürəm.

– Bəs gələcək planlarınızda Yaponiya nə kimi bir yer tutur?

– Gələcək planlarımda yaponiya başdan-başa gəzib bitirmək, dilini və mədəniyyətini dərindən mənimsəmək istədiyim bir ölkə kimidir. Əgər bacarsam, gələcəkdə təhsilimi də orada davam etdirməyi düşünürəm.

– Əgər eşitmək istədiyiniz, amma mənim vermədiyim bir sual oldusa son söz olaraq deyə bilərsiniz.

– Suallarınız üçün minnətdaram! Natiqlik müsabiqəsində iştirak edəcək və növbəti tədris ili üçün Yaponiyaya imtahan verəcək tələbələrə uğurlar arzulayıram! İnanın və oxumağa davam edin. Hər şey yaxşı olacaq!

Vaxtınızı ayırdığınız üçün təşəkkürlər!

Gülşənlə yapon dilində hazırladığımız videoreportaj da qısa müddət sonra yayımlanacaq.
Gülər Nursu © yapon.az 2017

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma