“…Elədiyin cosplay-lə kimlərisə cəsarətləndirirsən”

“Özümüzkülər” layihəsi çərçivəsində növbəti qonağımız Judi ləqəbi ilə tanınan Aynurədir. Aynurə cosplay-lə bağlı ən maraqlı xatirəsi kimi həmişə bunu xatırladığını deyir: “İkinci cosplay-ə komandayla hazırlaşdığımız zaman məşqlərin birində olan əzablı bir an yadıma düşür. Komanda üzvlərindən birinin linza taxması mərasimi. Niyə əzablı? Çünki hər dəfə uğursuzluğa məruz qalan bu linza taxma mərasimi dəfələrlə təkrarlanırdı. Nə o, nə də mən məğlub olmaq istəmirdik. Amma ağlaya-ağlaya taxılan o linzada həmin cosplayer-in əla şəkilləri alınmışdı. Düzdür, o mərasim müddətində mən gülürdüm, çünki linzanı taxan mən idim. Ondan sonra heç bir oğlanı bu əzaba qatlaşmağa məcbur etmədim”.

– Salam, Aynurə. Yay tətilində necə hiss edirsiniz? Yəqin özünüzü anime, manqalara həsr etmisiniz?

– Salam, Gülər. Əlayam, çünki yay mənim üçün ən gözəl fəsildir. Düzünü desəm, vaxtın azlığından güclə özümə zaman ayırıram. Anime və manqaya da vaxtım az qalır. İmkan tapanda cızma-qara edirəm.

– Suallardan əvvəl kiçik bir tərcümeyi-hal xahiş etsək…

– Mikayılova Aynurə. 1986-cı ildə Bakıda anadan olmuşam. Dostlarım “Judi” deyirlər mənə. Bu “Magi” animesindəki Judal obrazı ilə bağlıdır. Rəssamlıq Akademiyasını bitirmişəm. Hal-hazırda işləyirəm. “Anime Cəmiyyəti”nin digər bir üzvü İbrahim Hacıyevlə nişanlıyam.

– Aynurə, hobbiləriniz nələrdən ibarətdir?

– Maraqlandığım sahələr çoxdur . Hobbilərdən ikisini deyə bilərəm nümunə üçün; balaca fiqurları və kino biletlərini toplamaq. Qorxu filmlərindən başqa bütün janrda filmləri izləyirəm. Yaponiya, Misir daha çox məndə maraq oyadır, tarixi abidələrin gözəlliyi sehirli bir aləm kimi təsir edir mənə. Kitab barəsində çox şey deyə bilməyəcəyəm. Oxuyuram imkan olduqca, xüsusi sevib seçdiyim, bəlkə də ilk olduğu üçün – Etel Lilian Voyniçin “Ovod” əsərini deyə bilərəm.

yaponaz judy coxplay (6)
Anime “Kamisama hajimemashita”, obraz Akura Ou

– Cosplay 20 il sonra da məşğul olacağınız bir hobbidir, yoxsa yaş limitinin olduğunu düşünürsünüz?

– Sevdiyim, əyləndiyim bir məşğuliyyəti yorulsam dayandıra bilərəm. Yaş limiti ilə bu hobbini çərçivəyə salmaq istəməzdim. Hər kəs öz qərarını düzgün bildiyi anda verir.

– İlk dəfə cosplay etməyə necə qərar verdiniz?

– Hər şey AAC-ın 4 yaşı münasibətilə keçirilən festivaldan başladı. Mənimlə eyni maraqları paylaşan insanları tapmaq bəsim idi. Hə, bir də Kamran Yavərin həmin tədbirdəki cosplay-i – Law obrazı çox xoşuma gəldi və başlandı bu cosplay “xəstəliyi”. Qərarımı o tədbirdə verdim: gələn dəfə artıq tamaşaçı kimi yox, iştirakçı kimi gələcəkdim.

– Sizin üçün komanda işi daha rahatdır yoxsa tək?

– Əlbəttə tək hazırlaşmaq rahat olar. Amma mən qrup tərəfdarıyam. Cosplay-in özündən çox onun hazırlıq mərhələləri ləzzət edir adama. Cosplay-ə qrup olaraq hazırlaşdığım hər bir dəqiqə əyləncəlidir: söhbətlər, birgə yeyib-içmək, səhnələri müzakirə etmək, deyib-gülmək.

– Sizcə bu işin ən yorucu tərəfi nədir?

– Lazım olan material və ya aksesuarların çətin tapılması, hazırlanan silah və geyimlərin biraz baha başa gəlməsi.

yaponaz judy coxplay (3)
Oyun: “League of legends”, obraz Akali
yaponaz judy coxplay (2)
Oyun: “League of legends”, obraz Akali

– Ətrafınızda cosplay fəaliyyətinizə ən mənfi münasibəti kimlər göstərir?

– Düzünü desəm, mənim bu həvəsimə mənfi münasibət göstərəni görməmişəm. Təbii ki, tanışlardan danışırıqsa bekarçılığa yozanlar olur. Amma qohumlardan bu sahədə dəstək görmədiyim kimi mənfi münasibət də görməmişəm. Yaxud olubsa da, birbaşa mənə ünvanlanmışı olmayıb.

yaponaz judy coxplay (7)
Anime: “Hakuoki shinsengumi kitan”, obraz Saito Hajime

– Heç olubmu kənardan tanımadığınız şəxslər sizə yaxınlaşıb cosplay-iniz haqqında fikir bildirsinlər, ya da nəsə soruşsunlar?

– Olub, tədbirdən sonra o geyimdə küçəyə çıxanda o sualla qarşılaşmışam. Həvəslə cavablandırmaqla qalmayıb, üstəlik məlumat verib dəvət də eləmişəm.

– Azərbaycanda bu sahənin tanınması üçün nə kimi tədbirlər müsbətyönümlü ola bilər?

– Düzünü desəm, bu haqda heç fikirləşməmişdim. Məncə, əvvəlcə insanlar bu barədə məlumatlandırılmalıdır. Amma var elə tədbirlər; məs., universitetlərin keçirdiyi Yaponiya mədəniyyəti günü, yapon.az -ın keçirdiyi dil və mədəniyyət barədə gözəl, məlumatlandırıcı tədbirlər. Ya da elə cavanlarımızdan birinin məktəbdə keçirdiyi balaca cosplay tədbiri: fərqli mədəniyyət, fərqli baxış. Şagirdlərin necə həvəslə hazırlaşdıqlarının şahidi olmuşam.

– Ölkəmizdə cosplayer yarışmaları üçün təşkil edilən tədbirlərdə nə kimi çatışmazlıqların olduğunu düşünürsünüz?

– Bu vaxta kimi keçirilən tədbirlərin hamısında ən böyük problem məkan tapmaq olub. Cosplayer yarışlarının keçirilməsi üçün xüsusi səhnənin olmaması. Hazırlanmış səhnələrin mükəmməl nümayişi üçün səs sistemlərinin cox zəif olması. Bu kimi çatışmazlıqlar olmasaydı daha maraqlı etmək olardı.

– Hansısa tədbirdə sizinlə eyni xarakteri canlandıran cosplayer-lərə necə davranarsınız? Belə deyim, yaratdığınız xarakterləri qısqanırsınız, yoxsa paylaşa bilirsiniz?

– Hər kəs seçimində sərbəstdir. Mən rəqib kimi yanaşaram. Rəqabət maraqlıdır. Qısqanaram da. Müqayisələr edərəm, mənfi və müsbətlərimi hesablayaram. Amma mən təkcə rəqibimə görə qatılmıram bu tədbirə. Nəzərə almaq lazımdır ki, elədiyin cosplay-lə kimlərisə cəsarətləndirirsən.

– Tanıdığım bir çox cosplayer-lər var ki, yuri, yayoi obrazlarını canlandırmağı müsbət qarşılamır. Bəs bir cosplayer kimi Aynurə necə düşünür?

– Hec düşünməmişəm. Elə də maraqlandırmır nəsə o cür cosplay məni. Ediləcək daha möhtəşəm cosplay-lər olan yerdə ona münasibətim “sıfırdır”.

– Bəs genderbend necə? Gələcək tədbirlərdə sizi genderbend-də görmək şansımız olacaqmı?

– Yox, genderbend heç marağımı çəkmir, cəlbedici görünmür. Hazırlıqlarımı genderbend-ə sərf edə bilmərəm.

– Hansısa obrazı yaradacağınızı qərara alanda, ilk kiminlə bölüşürsünüz?

– İlk dəfə kimi cosplay edəcəyimi anama göstərmişdim. Belə komanda olaraq hazırlaşanda istəklər bildirilir, kimin kimə uyğun olacağı müzakirə edilir. Ya da mən seçimi qabaqcadan etmişəm, komandanın digər üzvü də seçimin nə qədər uğurlu olub olmayacağı haqda fikrini bildirib. Bir də elə olur ki, mən bunu edəcəm deyib edirsən .

– Çox uğurlu saydığınız yerli cosplay-lər hansılardır? Daha da konkretləşdirsəm, indiyə qədər olduğunuz tədbirlərdə heyran qaldığınız cosplay olubmu?

– İlk bəyəndiyim (“One piece”) Trafalgar Law – Kamran Yavər olub. Obraza oxşarlığı baxımından. Daha sonra komanda olaraq, Zankyou Terror – Rose Rock, Rasim və Tomo Kuroi gözəl səhnə hazırlamışdılar. Daha sonra (“Naruto”) Rock Lee – Nurlan obraza çox yaxın idi. (“Hunter x Hunter”) İllumi – Gülşən Hacızadə gözəl bənzətmə və geyimin detalları. Bu axırıncı tədbir bir başqa səviyyə idi sanki. “Bəyənmədiyin oldumu?” – sualı daha düzgün olar. Başda (“One piece”) Kurohige – Yusif Əzimov və Zərifə Dadaşova olmaqla çox fərqli cosplay-lər vardı. Rəngarənglik göz qamaşdırırdı.

yaponaz judy coxplay (1)
Anime “Magi”, obraz Judal

– Ümumiyyətlə, bir cosplayer-in uğurlu olmasını nə ilə ölçürsünüz? Bir cosplayer kimi digər cosplayer-lərə qiyməti hansı meyara əsasən verirsiniz?

– Mənə görə, personaj az da olsa həmin cosplayer-ə oxşamalıdır. Ya da cosplayer obraza girməyi bacarmalıdır. Həqiqətən tamaşaçıya qarşısında həmin personajın durduğuna inandırmalısan. Təbii ki, geyim və silahın detalları da önəmlidir.

– Kimlərin cosplay-inizi tənqid etməsini sevmirsiniz?

– Həyatında bir dəfə də olsun cosplay etməyə cəsarəti çatmayanın.

– Səhv etmirəmsə, manga art-la da məşğul olursunuz. Sadəcə həvəskarsınız, yoxsa profesional şəkildə davam etdirmək istəyərsiniz? Azərbaycanca manga yazmaq və sair kimi.

– Bəli, məşğul oluram. Bir müddət bəzi çətinliklərə görə ara verməli oldum. Həvəskar olaraq yox profesional şəkildə davam etmək fikrindəyəm. İlk addım ən çətini idi. İndi az da olsa təcrübə oldu o ilk addım sayəsində. Bəli, planlar qurulur o barədə yavaş-yavaş.

– Uzaq Şərqin bu mədəniyyəti ilə – anime, manqa, cosplay və s. – tanış olmayanlar sizcə nə itirir?

– Uzaq Şərqin bu mədəniyyəti hər kəsə xoş gəlməyə bilər. Deməzdim kimsə nəsə itirir, ya da qazanır. Hər kəsin şəxsi secimidir. Məs., kimi komiks, kimi manqa sevir, kimi də manhua. Bu qədər sadə.

– Ən uğurlu və uğursuz saydığınız cosplay-iniz?

– Mənim üçün ən uğurlu cosplay “Magi”dən Judal obrazı, ən uğursuz isə “Fairy tail”dən Natsu olub. Obrazı çox sevsəm də məncə, alınmamışdı.

 

yaponaz judy coxplay (5)
Anime “Magi”, obraz Judal

 

Layihəmizə əsasən, hər bir cosplayer ondan əvvəl müsahibə aldığımız cosplayer-in verdiyi bir sualı cavablandırmalıdır. Keçən müsahibimiz Kamran Yavərin sualı belədir: Cosplay-ə hazırlaşanda iştirak etdiyiniz tədbirlərdə keçirilən müsabiqələrə qatılmaq arzunuz olurmu? Qalib olmağa nə dərəcədə meyillisiniz?

– Sırf qalib olmaq üçün hazırlaşmadığım cosplay Judal idi. Bu obrazı sadəcə yaşamaq istəyirdim, tam səmimi olaraq deyirəm bunu. Həmin il yarışa qoşulmasaq da çox əyləncəli keçmişdi. Amma rəqabət olunca növbəti cosplayə daha mükəmməl hazırlaşmaq həvəsi oyanır. Rəqibini ötüb keçmək, qalib olmaq və s.

Aynurə, eşitmək istədiyiniz, amma mənim vermədiyim bir sual oldusa cavabını son söz olaraq deyə bilərsiniz.

– Yox elə bir sual olmadı. Hətta cavablandırdıqca düşündürdü.

– Vaxt ayırdığınız üçün təşəkkürlər!

– Sizə də təşəkkürlər!

Gülər Nursu © yapon.az 2017
Advertisements

One thought on ““…Elədiyin cosplay-lə kimlərisə cəsarətləndirirsən”

  1. Çox maraqlı intervyu alınıb! Çox bəyəndim.Düzünü desəm mənim də ilk bəyəndiyim (“One piece”) Trafalgar Law – Kamran Yavərin cosplayi olmuşdu ( hələ indiyə kimi o qədər şoka düşməmişdim 😀 ).Bir də Tural Azimzadehin L obrazını canlandırdığı qədər obrazlayan ikinci şəxs görmədim daha ( sadəcə öz geyimində idi amma hamı onu danışırdı.Elə özü L karakterinə bənzəyirdi)
    Aynurənin canlandırdığı obrazlar orijinallığı ilə digər cosplayerləri qısqandıracaq qədər fərqlidir.Hər elədiyi cosplay geyimi olsun və nümayişi olsun bilinir ki, üzərində böyük əziyyət var.Dünya Cosplay yarışında Azərbaycanı təmsil edə biləcək namizədlər arasındadır! Uğurlaar Judi! Bu arada şəkillər möhtəşəm!
    bu posta əziyyəti keçən hərkəsə təşəkkürlər! 🙂

    tərəfindən bəyənildi 1 şəxs

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma