“Kospley bir insanın çox şeyə münasibətini yaxşı mənada dəyişəcək qədər təsirə malikdir”

“Özümüzkülər” layihəsi çərçivəsində azərbaycanlı cosplayer-ləri (kospleyer) tanımağa başlayırıq. İlk müsahibimiz isə Kamran Yavərdir. 2012-ci ildən bu günə qədər fərqli kospleylər edən Kamran bəy debütünə cəmi 5 saata hazırlaşa bilib. İlk dəfə online (onlayn) sifariş etdiyi üçün ciddi vaxt itirsə də, istəyinə nail ola bilib. Sonralar isə bir tədbirdə iki tamamilə fərqli kospley edə biləcək qədər öz işində ustalaşıb.

– Salam, Kamran bəy. Sizi tanımayanlara özünüzlə bağlı məlumat verə bilərsinizmi?

– Salam, Gülər. Rəsmi Kamran Sultanlı getsə də, atamın adını soyadım əvəzinə istifadə etməyə daha çox üstünlük verirəm, odur ki, Kamran Yavər. 1992-ci il təvəllüdüyəm. Bakıda anadan olmuşam. Ali təhsilliyəm. Hal-hazırda sərbəst, yəni freelancer kimi işləyirəm. Hələ qarşıda çox işlərin öhdəsindən gəlməli olduğumu nəzərə alaraq, ailə qurmaq haqqında fikirləşmirəm.

Hobbim bəlkə də xoşlamadığım sahələrdən çoxdur. Uşaqlıqdan bəri incəsənətin faktiki olaraq, bütün qolları mənə xeyli maraqlı gəlib, bircə ədəbiyyatdan başqa. Amma bizim Nizami, Xaqani, Füzuli, Nəsimi kimi dahi fiqurların əsərləri öz abstarksiyasına görə mənə cəlbedici gəlir. Uzaq Şərqin fəlsəfə dolu əsərləri də həmişə marağımı cəlb edib. Digər xoşladığım sahələrə gəlincə, uşaqlıqdan yaxşı musiqi bazasına malikəm – skripkada peşəkar, pianinoda həvəskar səviyyədə ifa edə bilirəm, rəssamlığın bütün sahələri ilə məşğul olmuşam və arada vaxt olanda çəkirəm. Aktyorluq, səhnəciklər qurmaq, müxtəlif qəhrəmanların kostyumlarını tikib-düzəldib, onları kospley etmək də hobbimdir. Bunlardan əlavə Formula 1, futbol izləmək və onları təhlil etməyi sevirəm. Hələ sadalamadığım xeyli başqa şeylər də var.

– Bir cosplayer-dən soruşulacaq ən vacib sual: cosplay-lə necə tanış oldunuz?

– Anime izləyəndə onu əhatə edən hər bir sahə ilə maraqlanırdım, eləcə də, kospley haqqında məlumatları araşdırdım və müəyyən anlayışlara sahib oldum.

– Nə sizi daha çox cəlb edir: Qərbi yoxsa Şərqi kospleylər?

– Heç şübhəsiz ki, ancaq Uzaq Şərq.

AzeCon 3, avqust 2015, Anime: Sailor Moon,Personaj:Kou; Princess Serenity ile tragik duet.
AzeCon 3, avqust 2015, Anime: “Sailor Moon”, Personaj: Kou; Princess Serenity ile tragik duet.

– Bunun xüsusi səbəbi var?

– Bəli. Mən uşaqlıqdan hər şeyi analiz etməyi sevirdim. Uzaq Şərqin daha çox fəlsəfəyə üstünlük verən əsərləri çoxluq təşkil etdiyinə görə, avtomatik olaraq meyilliyim ora yönəlib. Elə ilk izlədiyim Sailor Moon animesi və Princess Mononoke animesi buna fundamental təkan verdi. Həyatımda vacib suallarıma cavabı Uzaq Şərqdə tapacağımla bağlı qənaətə gəlib, daha çox anime izləməyə başladım. Qərb istehsalı olan kino, yaxud cizgi filmlər isə bu xüsusiyyətdən uzaqdır, təbii ki, aralarında istisnalar da var.

– İlk kospleyiniz nə vaxta təsadüf edir?

– İlk kospleyimi 2012-ci il 5 oktyabda Azerbaijan Anime Fans qrupunun üzvləri tərəfindən təşkil olunan 3-cü kospley tədbirində etmişdim.

– Kimsə sizi həvəsləndirmişdi, yoxsa tanışlar içində bunu edən elə ilk siz idiniz?

– Özüm həvəslənmişdim, ümumiyyətlə, o vaxta qədər heç bir tədbir, yaxud qrupun üzvləri ilə olan görüşlərdə iştirak etməmişdim. Amma dedim artıq özümü çox təcrid etməyim, bir üzə çıxım, bəlkə anime pərəstişkarları ilə daha yaxşı dil tapa bilərəm. Fikirləşdim ki, iştirak edəndə sadə izləyici kimi yox, kospleyer kimi gedim. Maraqlı gün idi. Daha doğrusu, tədbirə 5 saat qalmış kospleyi sıfırdan hazırladım, 1 saat gecikməklə, amma kostyumla gedib çıxmışdım tədbirə.

Noyabr 2015, Ren Legaspi tərəfindən təşkil edilmiş “İlk anime kospleyerləri” fotosessiyası. Anime: "One Piece", Personaj: Trafalgar D. Water Law
Noyabr 2015, Ren Legaspi tərəfindən təşkil edilmiş “İlk anime kospleyerləri” fotosessiyası. Anime: “One Piece”, Personaj: Trafalgar D. Water Law

– Bəs ümumilikdə kospleyerlər aləmində yerli, ya da xarici ən sevdikləriniz kimlərdir?

– Düzünü desəm, maraqlanmamışam. Lakin yerli kospleyerlər arasında bəyəndiklərim olub. Amma adları açıqlamağı düzgün hesab etməzdim, odur ki, bu qədər.

– İlk kospleyinizi etmək və ya etməməklə bağlı tərəddüd içində qalmışdınızmı?

– Mən kifayət qədər qətiyyətli idim. Hər hansı bir şübhə, yaxud bu qərara qarşı neqativ fikirlərdən uzaq idim.

– Ətrafınızda sizin bu fəaliyyətinizə soyuq münasibət göstərənlər varmı? Ailə üzvləri və ya dostlardan?

– Ətrafımda, faktiki olaraq, hamı bu məşğuliyyətimə qarşıdır. Amma mən onların yanaşmasını anlayıram və deyim ki, bəzi məqamlarda onlarla razıyam. Bu fikirlərlə özümə görə razı ola bilərəm, yəni məsələn, ailə üzvlərimin bu hobbi ilə məşğul olmağıma qarşı olmalarının səbəbi əsas sahəmdəki ləng irəliləməmə görədir, əks halda əminəm ki, neytral münasibət bəsləyərdilər.

Bakıda “Kompyuter oyunları” müsabiqəsi. Oktyabr 2016. Oyun: Mortal Kombat; Personaj: Scorpion.
Bakıda “Kompyuter oyunları” müsabiqəsi. Oktyabr 2016. Oyun: Mortal Kombat; Personaj: Scorpion. (Soldan birinci)

– Sizcə kospleyer üçün ən çətin olan nədir?

– Vaxt və pul.

– Bir obrazı başdan-ayağa yaratmaq üçün maddi və mənəvi cəhətdən nə qədər çətinlik olur?

– Hər kəsin öz imkan və şəraitindən asılıdır. Amma ümumən indiki vəziyyəti nəzərə alsaq çətinlik təbii ki, normadan çoxdur, bunu detallı izah etməyə məncə, ehtiyac yoxdur.

– İndiyə kimi hansı obrazı hazırlamaq sizə digərlərindən daha çətin olub və nəyə görə?

– Ən çətin obraz Madara Uçiha olub və təəssüflər olsun ki, vaxt qıtlığına görə heç də uğurlu alınmamışdı. Buna baxmayaraq, onu yenidən kospley edəcəm və bu dəfə tamamən oxşadacağıma inanıram.

– Ən uğurlu saydığınız kospleyiniz hansıdır?

– “Azərbaycan Anime Cəmiyyəti”nin (AAC) təşkil etdiyi ilk kospley yarışmasında hamının diqqətini çəkməyi bacardığıma görə, həmin kospleyin uğurlu olduğunu düşünürəm. Amma mənə görə, son AzeCon tədbirindəki Trafalgar Law daha uğurlu alınıb. Üstəgəl həmin gün dərhal Naruto kospleyinə keçmişdim. O da mənə görə uğurlu alınmışdı.

Fevral 2015, AzeCon2, Anime: "Cowboy Bebop", Personaj: Spike Spiegel. Angel Beats-dən “İçiban no Takaramono” mahnısının solo ifası.
AzeCon 2. Fevral 2015, Anime: “Cowboy Bebop”; Personaj: Spike Spiegel. Angel Beats-dən “İçiban no Takaramono” mahnısının solo ifası.

– Komanda işi yoxsa tək? Hansı daha rahatdır və nəyə görə?

– Hər iki variantda artıq təcrübəm var. Mən daha çox komandaya üstünlük verərdim, amma çox vaxt personaj uyğunsuzluğuna görə ya alınmır, ya da özüm imtina edirəm. Keçmişdə birlikdə səhnə qurduğumuz kospleyerlərlə isə vaxt və bir çox digər nüanslara görə çətinlik çəkirdik, odur ki, indiyədək hələ də lazımi kondisiya əldə edə bilməmişəm. Ona görə də tək daha rahatdır, düzdür əgər yarışda qalib olmaq istəyirsənsə, bir neçə kospleyerlərdən ibarət komandalara nisbətən gərək xeyli çətin və daha effektiv səhnələr qurasan. Çünki komanda ilə kombinasiya dolu səhnələr etmək xeyli rahat, onların çoxunda birlik yaxşı olduğuna görə isə rəqabət aparmaq çətin olur. İndiyədək qaliblər elə komandalar olub. Bircə bu il AzeConda komanda və solo səhnələr ayrı kateqoriyalarda yer almışdı.

AzeCon 5. Aprel 2017, Anime: “One Piece”. Personajlar (soldan sağa): Trafalgar D.Water Law, Doflamingo, Corazon
AzeCon 5. Aprel 2017, Anime: “One Piece”. Personajlar (soldan sağa): Trafalgar D.Water Law, Doflamingo, Corazon.

– Başqalarının cosplay-inizə münasibəti sizə nə qədər vacibdir? Ümumi olaraq tənqidlərə açıqsınız?

– Tənqidi ancaq kospleyerlər, yaxud kospleyə müsbət münasibəti, anlayışı olanlar tərəfindən olduğu halda nəzərə alıram, çünki onların fikirləri daha obyektiv olur. Qalanları isə nəsə deyəndə dinləyirəm, başa sala biləndə salıram, digər hallarda isə belə deyək, mülayim şəkildə yola verirəm.

– Cəmiyyətin ümumi münasibəti necədir buna? Azərbaycanda neçə faiz insanın incəsənətin bu növü ilə tanış olduğunu düşünürsünüz?

– Cəmiyyət bu kimi qeyri-adi məşğuliyyətə hələ də hazır deyil və bu, tam normal haldır. Azərbaycanda, ümumiyyətlə, konservativ yanaşma üstünlük təşkil etdiyindən kospley kimi rəngarəng məşğuliyyətə öyrəşmək üçün gərək mənəvi hazırlıq prosesi getsin. Məsələn, televiziya, qəzet, yaxud sosial şəbəkə və saytlarda düzgün formada reklam olunmalıdır. Əks halda, birdən-birə böyük kospley tədbiri keçirilsə, cəmiyyətin az qismi bununla maraqlanacaq, bəzi qrup insanlar buna pis baxacaq, digərləri isə sadəcə tənqid edib və gündəlik məşğuliyyətləri vacib saydıqları üçün bizləri “avara”, “bekar” adlandırıb bu sahəni gözdən salacaqlar. Hər bir ölkədə belə baxışlar var, sadəcə hardasa bu baxışlar azlıq təşkil edir, hardasa əksinə.

– Səhv etmirəmsə genderbend etməmisiniz. Belə bir fikriniz var? Əgər etsəniz bu hansı obraz olar?

– Genderbendi çoxdan düşünürdüm. Düzdür, bir dəfə “Sailor Moon” animesindən transformasiya olunanda qadına dönən Seiya Kou personajını kospley eləmişdim. Yəni, qismən yaxınlaşmışdım genderbendə. Amma gələcək təbdirlər üçün ciddi şəkildə bu haqda düşünürəm. Sadəcə bunlardan əvvəl xeyli çətin kospley fikrim olduğundan inanmıram yaxın gələcəkdə kospley edə biləm. Hər bir halda fikrimdə 2 variant var.

– Necə düşünürsünüz, bir kospleyer öz işini hansı yaşında bitirməlidir?

– Kospley peşədir, yaxud hobbidir, fərq etməz, digər bütün məşğuliyyətlər kimi belə bir anlayışa ziddir, yəni kim nə vaxt düzgün hesab edirsə, o vaxt həmin məşğuliyyətini dayandıra bilər.

– Sizcə, Azərbaycanda kospleyerlərin fərdi inkişaflarına ən ciddi maneə nədir?

– Bu çox mürəkkəb sualdır. Mənim fikrimcə, Azərbaycanda kospleyerlərin şəraitinin artırılmasına hələ ki, vaxt var. Kospleydən daha vacib məsələlər mövduddur ki, elə ilk növbədə onlar öz həllini tapmalıdır. Yalnız bundan sonra kospley kimi əyləncəli bir hobbiyə keçmək olar.

– Son söz olaraq demək istədikləriniz.

– Ümidvaram ki, mümkün qədər tez bir zamanda kospley və təbii ki, bir çox maraqlı və kiminsə mənəviyyatına qətiyyən zərəri olmayan sahələrə qarşı fikirlər, münasibət dəyişəcək. Bunun üçün bizlər də bacardığımızı etməliyik. Çünki ümumi baxanda kospley kimi prioriteti əslində güclü olmayan sahə bir insanın çox şeyə münasibətini yaxşı mənada dəyişəcək qədər təsirə malikdir.

Bizə vaxt ayırdığınız üçün təşəkkürlər!

Sizə də təşəkkürlər.

Bütün şəkillər Kamran Yavərin şəxsi kolleksiyasındandır.
Gülər Nursu © yapon.az 2017
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma