“…yapon xalqının zehni ilə qəlbi əl-ələ verib addımlayır”

“…biz doğrudan da zahirən parlaq olan əşyaya yox, çox işlədilmiş, qədim ruhu olan əşyalara üstünlük veririk. Bu da parıltıdır, amma bulanıq parıltıdır – zamanın bulandırdığı parıltıdır, yaxud daha dəqiq desək “nimdaşlığın”parıltısıdır”

“Təkəbbürlü əcnəbi sakin çay dəstgahına Şərqin anlaşılmazlığını və şıltaqlığını təşkil edən min bir qəribəlikdən biri kimi baxır”

Vsevolod Ovçinnikovun “Sakura budağı” kitabından (kitab rus dilindən azərbaycan dilinə Rəfael Hacıyev tərəfindən tərcümə edilib) Yaponiya və yaponlar haqqında hissələrdən seçmələr.

I hissə


Çin dövlətinin şərqində, okeanda, Çin sərhədlərindən təxminən 700 verst (Rusiyada uzunluq ölçü vahidi. 500 sajen 1066,781 metrə bərabərdir. Tək halda rusca “Верста”, cəmdə “Верст”. 1 verst = 1066 m = 3500 fut) məsafədə Yaponiya adlı böyük ada yerləşir. Həmin adada Çin dövlətindəkinə nisbətən daha çox sərvət var, orada gümüş, qızıl filizləri çıxarılır. Yazıları və qismən də adətləri çinlilər ilə eyni olsa da, bu adamlar daha qəddardırlar, buna görə də dini (xristian) təbliğ etmək üçün ora gələn ruhanilərin çoxunu öldürmüşlər.

Moskvanın Pekindəki səfiri S.Nikolay üçün xatirə məktubundan , 1675.


Avropalılar yaponlarla yaxından tanış olduqca, yapon həyat tərzi və quruluşuna diqqətlə baxdıqca, onlara aydın olur ki, Yaponiyanın simasında tamamilə yeni, tam müstəqil ruhlu, mükəmməl və dərindən işlənib qaydaya salınmış bir ölkə görürlər. Avropalılar, xüsusən, belə bir cəhətə mat qalırlar ki, ucqar şimal bölgəsindən tutmuş cənubadək Yaponiyanın bütün ərazisində tamamilə eyni ailə və ictimai məişəti anlayışı, dünyagörüşü, meyl, arzular mövcuddur.

Q.Vostokov, “Yaponiyanın ictimai, ailə və dini məişəti”. Sankt-Peterburq, 1904.


…Mən köhnə və yeni Yaponiya haqqında düşünürəm. Bilirəm, əsrlər boyu yaranan adətlər on illər ərzində yoxa çıxa bilməz. Yaponiyada köhnəliklə yenilik bir-birinə necə qovuşmuşdur? Hansı qüvvənin təsiri ilə?

Deyirlər ki, Yaponiya öz qəlbi ilə köhnəlikdə, zehni ilə yenilikdədir. Bəlkə də yapon xalqının zehni ilə qəlbi əl-ələ verib addımlayır… Lakin hər halda Yaponiyanın keçmişində olan, xalqa bütün yenilikləri qəbul etmək bacarığı verən qüvvələr nə kimi qüvvələrdir?

Yapon xalqının məişətinə, adətlərinə, onun etikasına, estetikasına diqqət edirəm. Minillik məişət və adətlər – varlığa çevrilmiş şüur, məişət, adətlər – doğrudan da mamont dişləri kimi möhkəmdir.

Boris Piliyak, “Daşlar və köklər”. Moskva, 1935.


Zövq məsələsində yaponlar çox sadədir. Onların həyat tərzindən göründüyü kimi, təbiiliyi hər şeydən yüksək qiymətləndirirlər. Çinlilər taxta parçasını hökmən rəndələdikləri halda, yaponlar sadə ağacdan tikilmiş evlərdə yaşamağı üstün tuturlar. Yaponiyada elə bir ailə çətin tapılar ki, var-dövlətinə güvənib hər gün öz evində çinli aşbazın hazırladığı qədər yemək hazırlatdırsın. Rəngkarlıqda çinlilər dəbdəbə, nəzərə çarpan bəzəkləri xoşlayırlar ki, bu da yaponlara zövqsüzlük kimi görünür. Çinlilər pion, qızılgül, orxideyanı – tünd ətirli və gözəçarpan gülləri xoşlayırlar. Bu, Qərb xalqlarının zövqünə daha çox uyğun gəlir. Yaponlar isə Çində o qədər də qiymətləndirilməyən sakura kimi çiçəkləri, həmçinin, çöl çiçəklərini, hətta adsız otları belə evlərinə bəzək edə bilərlər. İncəsənətdən, yaxud təbiətdən zövq almaq məsləsinə gəldikdə yaponlar qatı mühafizəkara çevrilirlər, çünki yalnız qədim meyarlara sadiqdirlər. Yaponlar yosun basmış daşları, çox balaca əyri ağacları xoşlayırlar, çünki onlar üçün bütün bunlarda insan əli dəyməyən təbii gözəllik vardır.

İvao Matsuhara, “Yaponiyanın həyatı və təbiəti”, Tokio, 1964.


Biz yaponlar parıldayan əşyalar görəndə nədənsə narahat oluruq. Avropalılar şüşədən, poladdan, yaxud nikeldən hazırlanmış qab-qacaq işlədirlər, onu göz qamaşdıranadək cilalayırlar, biz isə bu cür parlaqlıqdan zövq ala bilmirik. Bununla demək istəmirəm ki, biz, ümumiyyətlə, parlaq şeylər sevmirik. Lakin biz doğrudan da zahirən parlaq olan əşyaya yox, çox işlədilmiş, qədim ruhu olan əşyalara üstünlük veririk. Bu da parıltıdır, amma bulanıq parıltıdır – zamanın bulandırdığı parıltıdır, yaxud daha dəqiq desək, “nimdaşlığın” parıltısıdır.

Avropalılar əşyaları hey təmizləməklə nimdaşlığın hər cür izini itirməyə çalışırlar. Biz isə elə rəng, elə parıltı xoşlayırıq ki, özlüyündə məna ifadə etsin. Biz bu cür binalarda, bu cür əşyalarla yaşayaraq qəlbən dincəlirik.

Cuniçiro Tanizaki (谷崎 潤一郎), “Kölgələrin şərəfinə” (陰翳礼讃 {in’ei raisan}), Tokio, 1932.


“Yol” yaponların xüsusilə xoşladıqları sözdür. Əslinə qalsa “yol” obrazı, ümumiyyətlə, Şərqdə – həm Çində, həm də Hindistanda qədim zamanlardan sevilir. Dərketmə yolu… Müqəddəslik yolu… Döyüşçü yolu… Dostluq yolu… Nəhayət, kamilləşmə yolu; Yaponiyada fəlsəfi mövzuda elə bir söhbət ola bilməz ki, bu cür söz birləşməsi işlədilməsin…

Klassik yapon poeziyasında şeirin misraları oxucunu yalnız öz yaradıcılığına aparan yoldur, yəni sənə təklif olunan lirik mövzunu şəxsən özün daxilən həll etməlisən. Şair sənin qarşında bunun ancaq yolunu açır. Şeir bitir, yalnız bundan sonra mövzunun poetik dərk olunması başlayır.

Boris Aqapov, “Yaponiya haqqında xatirələr”, “Moskva jurnalı”, 1947.


Təkəbbürlü əcnəbi sakin çay dəstgahına Şərqin anlaşılmazlığını və şıltaqlığını təşkil edən min bir qəribəlikdən biri kimi baxır. Bu mərasimi məsxərəyə qoymazdan əvvəl insanın “fərəh camının” (şüşə qab) əslində nə qədər kiçik və onu doldurmağı bacaranların nə qədər müdrik olması barəsində düşünməyə dəyər. Yapon üçün çay dəstgahı dini mərasimdir. Bu, yaşamaq məharətini ilahiləşdirməkdir.

Kakuzo Okakura, “Çay haqqında kitab” (茶の本 {Ça no hon}), Tokio, 1906.


Ötən zaman yaponu həyata rəssam, estet kimi baxan insana çevirmişdir. O, prinsip adamı deyil. Yaponun ictimai və şəxsi həyatında əsas qanun əxlaqdan, dindən yaxud siyasətdən çox gözəllik üstündə qurulmuşdur. “Yaponiyanın estetik izahı” – bu, gələcəkdə lazım olan kitab üçün gözəl sərlövhə olardı.

G.Rober, “Yaponiya”, Paris, 1961.


İki amerikalı öz aralarında mürəkkəb məsələ həll etməli olanda başqalarından uzaqlaşmağa və təkbətək danışmağa çalışırlar. İki yapon arasında bu cür problem ortaya çıxanda isə, onlar biri-birindən uzaqlaşmağa çalışır və vasitəçi axtarırlar.

Con Randolf , “Yaponiya haqqında aforizmlər”, Tokio, 1963.


Yaponlar tez kefləndikləri kimi, tez də ayılırlar. Deyəsən, onlar cilovu gah tamam buraxmaq, gah da yenidən dartmaq bacarığı ilə öz iradələrini möhkəmləndirirlər. Yaponların məclisinə düşən əcnəbi ilk anlar özünü çox ayıq hiss edir; ona elə gəlir ki, şərab yoldaşları indicə stolun altına yıxılacaq, lakin sonra o, özünü başqaları kimi dərhal ələ ala bilmir.

D.İnrayt, “Şeh aləmi”, London, 1954.


Qərbdə adama ya həqiqəti demirlər, ya da yalan danışırlar. Yaponlar isə demək olar ki, heç vaxt yalan danışmırlar, lakin həqiqəti demək də heç vaxt ağıllarından keçmir.

Bob Dayhem, “Yapon olmaq məharəti”, Tokio, 1964.


Yaponiyadakı dostlarım belə “yox” demirlər, – buna ənənələri yol vermir, “yox” demək lazım gəldikdə isə məni eşitmirlər.

Boris Piliyak, “Yapon günəşinin kökləri”, Leninqrad, 1927.


Yaponiya ölkəsinə vurulmaq asan olduğu kimi, onun xalqına da ürəkdən vurulmaq mümkündürmü? Mübahisəli məsələdir. Onlar səbrli və təmkinli, dostlara həssas olmaqla yanaşı, tanımadıqları şəxslərə heyrətamiz dərəcədə biganədirlər. Vəzifəyə pərəstiş etmək, intizamlı, özünü qurban verməyə hazır olmaqla yanaşı, sadəlikdən doğan qüsurlara yol verirlər – bütün bu cəhətlərə görə yaponlar məhəbbətdən çox hörmətə layiqdirlər.

Frensis Kinq, “Yaponiya və onun sakinləri”, London, 1970.


II hissəni oxumaq istəsəniz 😉

Gülər Nursu © yapon.az 2017

 

Advertisements

One thought on ““…yapon xalqının zehni ilə qəlbi əl-ələ verib addımlayır”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma