Amaterasu Omikami

Oyun konsolu üçün bir oyun…

2006-ci il aprelin 20-i Yaponiyada “Playstation-2” oyun konsolu üçün yeni bir oyun buraxılır. Oyun “Okami” (大神 – hərfi “böyük allah”, “böyük ruh” və ya “canavar” (狼) red.) adlanırdı. Bir müddət sonra oyun ingilis dilinə tərcümə olunaraq, Qərbdə də satışa buraxılır və “Playstation-2” buraxılışından əlavə “Nintendo Wii” oyun konsolu üçün də diskləri hazırlanır. Oyun çox maraqla qarşılanır, çünki bu oyunda qeyri-adi üslubdan istifadə olunur. Oyunun qrafikası qədim yapon şəkillərinə bənzəyirdi, hər bir element fırça ilə çəkilmiş kimi görünürdü. Musiqi də milli yapon musiqiləri üslubunda hazırlanmışdı.

“Okami” oyununda Amaterasu`nun obrazı. H.Ə.

Oyunun süjet xətti isə qədim Yaponiya əfsanələrini əks etdirirdi. Əsas qəhrəman Amaterasu adlı ağ canavar idi. Oyunda o, qədim Yaponiyanı Yamato no Oroçi (八岐の大 – səkkiz başlı böyük ilan) adlı əjdahadan xilas edir. Amaterasu`nun bu obrazı anime və Yaponiya istehsalı olan video-oyunları sevənlər arasında çox məşhur oldu. Lakin bir çoxları bilmirdi ki, əslində oyunun süjet xətti uydurma deyil, qədim şinto əfsanələrinin bir balaca dəyişdirilmiş formasıdır və Amaterasu əslində canavar deyil, şinto mifologiyasında Günəş və Kainat tanrısıdır.

“Puzzle and dragons” oyununda Amaterasu`nun obrazı. H.Ə.

Bu oyun Amaterasu adını istifadə edən yeganə mənbə deyil. Belə ki, bir çox digər oyun, manqa və animelərdə bu ada rast gəlmək olar. Misal üçün; Amaterasu obrazı “Dream Saga” manqasında vardır. “One Piece” animesində Kizaru “Amaterasu” adlanan texnikası ilə öz rəqiblərini kor edirdi. Yaponiyada çox məşhur olan “God eater” oyununda bədəninin yuxarı hissəsi qadın, aşağı hissəsi isə nəhəng hörümçəyə bənzəyən “Amaterasu” adlanan varlıqlara rast gəlmək mümkündür. “Playstation-2” oyun konsulu üçün buraxılmış “Şin Meqami Tensey: Persona-4” oyununda da Yukiko Amagi adlı qəhrəmanın Persona`sının (oyunda ruhlara bənzər varlıqlar belə adlanır) adı Amaterasu`dur. Bir çoxlarının tanıdığı “Naruto” anime serialında Uçiha qəbiləsinin nümayəndələri “Amaterasu” adlanan texnika ilə öz rəqiblərini qara alovla yandırırlar.

Yaponiyanın ilk imperatoru Cimmu`ya (e.ə VII-VI əsr) qədər şəcərə.Vikipediya - elektron ensiklopediya.
Yaponiyanın ilk imperatoru Cimmu`ya (e.ə VII-VI əsr) qədər şəcərə.Vikipediya – elektron ensiklopediya.

Kospley festivallarında da tez-tez ağ rəngli Amaterasu kimi bəzədilmiş canavarlara rast gəlmək olar.

İmperator ailəsinin əcdadı

Şinto əfsanələrinə görə, Yaponiyanın imperator ailəsinin əcdadı məhz Amaterasu Omikami`dir. Bu inanc 1946-cı ilə qədər öz qüvvəsini saxlamışdır. 1946-cı ildə imperator Hirohito (裕仁) “Ningen Sengen” (人間宣言) adlı bəyannamə imzalayır. Bəyannamə akitsumikami (現御神) konsepsiyasını rədd edir, yəni, imperator ailəsinin mənşəyinin mifologiya ilə bağlı olmadığını bildirirdi.

Sənədin təfsiri ilə məşğul olanların bir çoxu məhz bəyannamədə “arahitoqami” yerinə “kitsumikami” sözünün işlədilməsini faktiki olaraq, imperatorun Amaterasu`dan törədiyini inkar etmədiyini düşünürdü. Lakin şintoizmə görə təkcə imperator deyil, eyni zamanda, bütün yaponlar mənşəyini tanrılardan alır. Bu barədə imperator Hirohito 1945-ci ildə nitqində vurğulayıb: “Yaponların allahlardan törədiyini inkar etmək qəbul ediləndir, lakin İmperatorun Tanrının nəsli olduğunu tamamilə danmaq olmaz” (red.).

Amaterasu Omikami – Günəş və Kainat tanrısı

İndi isə şinto mifologiyasında tanınan Amaterasu obrazına nəzər yetirək. Amaterasu Omikami, Amaterasu Okami (天照大神)  (tenterudaicin) – Günəş allahı) və ya Ōhirume-no-muçi-no-kami (大日孁貴神) Günəş və Kainat ilahəsidir. Heroqliflərə əsasən, adı hərfi mənada “göyü işıqlandıran böyük kami”, “cənnətdə parıldayan” deməkdir. Amaterasu`ya, həmçinin, düyünün hazırlanması və ipəyin alınması qaydası, toxuma alətinin ixtiraçısı kimi sitayiş edirdilər.

Qədim təsvirlərdə onu, adətən, çox uzun qara saçlı qadın kimi təsvir edirdilər.

Ametarasu mağaradan çıxır ki, dünyanı işıqlandırsın. Vikipediya - elektron ensiklopediya.
Ametarasu mağaradan çıxır ki, dünyanı işıqlandırsın. Vikipediya – elektron ensiklopediya.

Qədim Uzaq Şərqdə, xüsusən də, Koreya və Çində şamanizm çox populyar idi və bu iki ölkənin əhalisi Günəş tanrılarına sitayiş edirdilər. Koreyada bu tanrının adı Hae-nim, Çində isə Hsi-ho idi. Bu inanc qədim Yaponiyada da mövcud idi. Lakin Koreya və Çində vaxt ötdükcə və digər daha yeni dinlərin (buddizm, daosizm) təsiri gücləndikcə bu tanrılara inanclar azalmağa başladı. Lakin Yaponiyada Amaterasu`ya sitayiş bütün tarix boyu davam etdi və bu günə qədər də davam edir. Onu da qeyd etmək lazımdır ki, hazırda Şintoizm Yaponiyada daha çox din deyil, milli adət-ənənə kimi və matsuri (祭) adlanan şinto festivalları zamanı yada salınır.

Amaterasu haqqında ən qədim əlyazmalar Kociki (古事記 ) və Nihongi (日本紀) kitablarında əks olunub. Yazılara əsasən, Amaterasu və digər iki kamilər Susanoo (dəniz və fırtınalar allahı – 須佐之男/ katakanada – スサノオ) və Tsukuyomi (ay allahı – 月読 ) İzanagi`dən (イザナギ – şinto əfsanələrinə əsasən, Yaponiya adalarının yaradıcısı və bir çox kamilərin atası) yaranıblar. Əfsanəyə görə, İzanagi sol gözünü yuyarkən Amaterasu, sağ gözünü yuyarkən Tsukuyomi, burnunu yuyarkən isə Susanoo yaranıb. Amaterasu və Tsukuyomi göyə qalxaraq oranın hökmdarları olurlar. Lakin Tsukuyomi qida ilahəsi Uke no Moçi (保食神) öldürdükdən sonra, Amaterasu ilə aralarında baş verən mübarizə onu Tsukuyomi`dən uzaqlaşdırır, beləliklə də, gündüz və gecə yaranır.

ameterasu-omikami32
Festival üçün hazırlanmış Amaterasu`nun heykəli.Vikipediya – elektron ensiklopediya.

İnanclara görə, Amaterasu öz nəvəsi Ninigi`yə müqəddəs güzgü yata no kaqami (八咫鏡), daş-qaş yasakani no maqatama (八尺瓊曲玉 və ya 八坂瓊曲玉) və qılınc kusanagi no tsurugi (草薙の剣) vəsiyyət edir və bu üç müqəddəs əşya Yaponiya imperatorlarının reqaliyası (reqaliya – latın dilindən tərcümədə hər hansı bir insanın nailiyyətlərini təsdiqləyən bir sənəd və ya əşya) hesab olunur.

Məbədlər

Yaponiyanın müxtəlif ərazilərində Amaterasu Omikami`nin məbədləri var lakin onlardan ən tanınmış və əsası İse Cinqu (伊勢神宮) məbədidir. Bu məbəd ümumiyyətlə Yaponiyanın əsas şinto məbədi hesab olunur. Məbəddə 100-ə yaxın kahin vardır.

ameterasu-omikami3266
İse Cinqu məbədinin musiqi pavilyonu. H.Ə.

Bu, məbəddə müqəddəs güzgü Yata no kagami bu günə qədər qorunur. İse Cinqu çox hündür divarlarla mühafizə olunur və ora giriş qadağandır. Yalnız imperator, onun xanımı və yüksək rütbəli kahinlər bu məbədə daxil ola bilərlər. Hər 20 ildən bir məbəddə Amaterasu`nun şərəfinə Şikinen Senqu (式年遷宮) adlanan mərasim keçirilir. Bu mərasim zamanı məbədin taxtadan tikilmiş əsas tikilisi dağıdılır və yerində yenisi tikilir. İnanclara görə, bütün kamilər hər şeyin yenisini və təmizini sevirlər. Mərasim də məhz bu inanclara əsaslanaraq, 690-cı ildən etibarən bu günə qədər hər 20 ildən bir keçirilir.

Amaterasuya sitayiş etmək bəzən “Günəşpərəstlik” də adlandırılır.

Hüseyn Əskərov © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma