Şintoizm nədir?!

Şintoizm (yaponca 神道 – şinto “allahların (kami`lərin) yolu”) – Yaponiyanın milli dinidir. Şintoizm animistik dinlər qrupuna aiddir, qədim yaponların təbiətə, ruhlara və çoxsaylı allahlara inanclarına əsaslanaraq formalaşıb. Dinin inkişafında buddizmin çox böyük təsiri olub.

Yuxarıda qeyd etdiyim kimi, şintoizmin əsas elementi çoxsaylı təbiət hadisələrini ilahiləşdirərək (təbiət haruhlarına, ölülərin ruhlarına və təbiətin gücünə və s.) onlara sitaiş etməkdir. Şintoizmə əsaslansaq, ətrafımızda olan hər bir əşyanın öz ruhu (yap. dilində 神 – kami) vardır. Məsələn, ağacın, daşın və yaxud hər hansı bir məbədin öz kamisi vardır. Bəzi kamilər isə düşmən xasiyyətli və ətrafa mənfi təsir göstərən hesab olunur. Qədimdə onlardan qorunmaq üçün yaponlar müxtəlif ayinlər həyata keçirirdilər.

Amaterasu Omikami. Mənbə: lightgrid.ning.com
Amaterasu Omikami. Mənbə: lightgrid.ning.com

Bir çox kamilər qlobal varlıqları əks etdirir, məsələn, Amaterasu Omikami – Günəş İlahəsi (yap. dilində天照大神).

Sehr, totemizm, müxtəlif gözmuncuğu (qoruyucu əşya – amulet) və maskotlara inanc Şintoizmin bir hissəsidir. Hətta indiki zamanda da, Yaponiyanın müxtəlif məbədlərində Şinto amuletləri və talismanlarının satışına rast gəlmək olar. Şinto elementlərinə, həmçinin, anime və manqalarda rast gəlmək olar. Məsələn, “Red Data Girl” (yap. dilində RDG レッドデータガール!) və “İnuyaşa” (yap. dilində 犬夜叉).

Şintoizmin əsas prinsiplərindən biri insanlarla təbiətin birgə və sülh içində yaşamasıdır. Dualist dinlərdən fərqli olaraq, şintoizmdə xüsusiləşmiş yaxşı və pis hərəkət, davranışların (məsələn, halal və haram kimi məqamlar) və ya hər hansı bir hərəkətə qadağa qoyulması, xeyir və şər kimi anlayışlar mövcud deyil. Hər bir insan özü, öz hissləri, hərəkətləri və ətrafa təsirindən asılı olaraq həyatda öz yerini tapmalıdır. Ətrafdakılara anlayışla yanaşma, böyüklərə hörmət, səmimi və mehriban ünsiyyət şintoizmdə müsbət qarşılanır. Eqoizm, təbiətin harmoniyasını pozmaq, təbiət varlıqlarına qarşı davranış isə mənfi qarşılanır və şintoizmdə pis hərəkətlər kimi hesab olunur.

Şintoizm çox qədim bir dindir. Bilirik ki, bir çox ilkin dinlər animistik inanclar əsasında formalaşmışdır. Lakin vaxt keçdikdə bu dinlər öz təsirini itirmiş və öz yerini peyğəmbərli dinlərə və ya özündən daha sonra yaranmış inanclara ötürmüşdür. Yaponiyada isə şintoizm heç vaxt unudulmamış və daima inkişafa doğru irəliləmiş və bu günə qədər öz qüvvəsini itirməmişdir.

Onu da qeyd etmək lazımdır ki, müasir şintoizm, qədim şintoizmdən bir qədər fərqlənir. Bu da ölkəyə gələn digər dinlər, buddizm və dinin uzun bir zaman mövcud olması ilə bağlıdır.

Şintoizmin yaranması ilə bağlı bu günə qədər iki əsas fərziyə mövcuddur: Koreya və Çindən gələn inanclar əsasında formalaşması və ya Yaponiya adalarının bilavasitə özündə formalaşması. İkinciyə əsaslansaq, şintoizmin yaranması Comon dövrünə (yap. dilində 縄文時代) təsadüf edir. 7-8-ci əsrlərdə dövlət və milli din kimi tam olaraq formalaşır, dinin mifoloji sistemi yaranır və ierarxiyanın başında Günəş ilahəsi öz yerini tutur. İnanclara görə, Amaterasu Omikami Yaponiyanın imperator ailəsinin əcdadıdır və ölkənin ilk imperatoru sayılan Cimmu (yap. dilində神武天皇) onun nəticəsinin nəticəsi hesab olunur.

Şintoizmin üç qədim kitabı mövcuddur: Nihongi (日本紀 “Yaponiya salnamələri”, hərfi tərcümədə “fırça ilə yazılmış Yaponiya səlnamələri” red.), Kociki (古事記 “Qədimdəki əməllər barədə qeydlər”) və Fudoki (風土記 “Adət ənənələr haqqında yazılar”). Hər üç kitabda Yaponiyanın müxtəlif bölgələri və onların adət-ənənələri, Yaponiyanın başçıları barədə maraqlı məlumatlar və müxtəlif şinto ayinləri və əfsanələri barədə yazılar var.

VII-VIII əsrlər, həmçinin, buddizmin Yaponiyaya gəlişi və burada geniş yayılmasına təsadüf edir. Buddizm ilk olaraq əsasən, yapon aristokratiyası arasında geniş yayılırdı və yaponlar ölkələrində yayılmağa başlayan yeni dinlə şintoizm arasında heç bir ziddiyyətin olmaması üçün əllərindən gələni edirdilər.

Şinto məbədlərində buddizm məbədləri tikilməyə başlanıldı və həmin məbədlərdə şinto ayinlərindən əlavə sutralar oxunurdu. XIX əsrdə isə buddizm Yaponiyanın dövlət dini kimi seçildi və bu andan etibarən onun şintoizmə təsiri daha da gücləndi, bir çox buddizm elementləri şintoizmə də şamil olundu. Lakin bütün bunlara baxmayaraq, şintoizm yapon xalqı tərəfindən unudulmadı və əksinə daha da inkişaf etdirildi.

Ümumiyyətlə, dini sinkretizm bu xalqa xas olan xüsusiyyətdir və hal-hazırda da Yaponiyada özünü göstərir. Məsələn, müasir dövrdə gənc yaponlar toylarını xristian kilsəsində, yasları buddizm adətlərinə əsasən, uğur və xoşbəxtlik əldə etmək üçün isə, şinto amuletlərindən istifadə edirlər. Bir çox evlərdə və şirkətlərdə, ofislərdə taxtadan hazırlanmış kiçik şinto məbədi kamidana`ya (hərfi tərcümədə kami üçün rəf red.) rast gəlmək olar. Bu kiçik oyuncaq – evə bənzəyən məbədlərin qabağında yaponlar sake və düyüdən hazırlanmış şirniyyatlar qoyurlar və bununla kamilərə öz təşəkkürlərini bildirirlər.

Yaponiyada çox məşhur olan matsuri`lər (祭り(bayram)) də şintoizmin əsas elementlərindən biridir. Yaponiyanın müxtəlif ərazilərində həmin əraziyə xas olan matsuri-festivallar keçirilir. Məsələn, Gion-Matsuri (祇園祭) Kiotonun, Kanamara-Matsuri (かなまら祭り) isə, Kavasaki şəhərinin ən məşhur festivallarından biridir

Kiotoda yerləşən Yasaka məbədi. Vikipediya - elektron ensiklopediya.
Kiotoda yerləşən Yasaka məbədi. Vikipediya – elektron ensiklopediya.

Şinto məbədləri cinca (yap. dilində 神社 “ruhların, kamilərin məbədi”) adlanır. Məbədlərin əsas elementi və ümumiyyətlə, şintoizm dininin simvolu torii (yap. dilində 鳥居 “quş evi”, “quş yuvası”) adlanan darvazalardır. Ənənəvi olaraq bu darvazalar taxtadan hazırlanır və qırmızı rəngdə olur. Demək olar ki, Yaponiyanın bütün şinto məbədlərinin girişində torii mövcuddur.

Məbədləri kannuşi (神主) adlanan keşişlər idarə edir və orada ayinlərin keçirilməsini təşkil edirlər. Onların köməkçiləri isə miko (yap. dilində 巫女 “şaman qadın”) adlanır. Yalnız ailə həyatı qurmamış cavan qızlar miko ola bilərlər.

250px-itsukushima_torii_distance
İtsukuşima adalarının ən tanınmış abidəsi, İtsukuşima torii. Vikipediya – elektron ensiklopediya.

Xaricdən şinto məbədləri çox gözəl görünür və məbədlərin vizual görünüşündə qırmızı rəng üstünlük təşkil edir.

Cincalar adətən sakit və təbiət qoynunda yerləşir. Yaponiyanın bütün ərazilərində çoxsaylı məbədlərə rast gəlmək olar, ən çox cincalar isə Kioto şəhərində yerləşir. Təkcə bu şəhərdə məbədlərin sayı 400-ə yaxındır.

Başlıq şəkildə İtsukuşima şinto şrine əks olunub. Mənbə: blightofplebians.com.
Hüseyn Əskərov © yapon.az 2015

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma