Yaponların din haqqında düşüncələri

Bir çox yaponlar özlərini dinsiz adlandırırlar. Lakin bununla belə Yaponiyada il ərzində bir çox dini bayramlar keçirilir. Gəlin dəqiq statistik rəqəmlərə nəzər salaq; belə ki, 210 milyon nəfər yapon hər hansısa dinə inanır. Şintoizmə inananların sayı təxminən 110 milyondan çox, buddizmə təxminən 95 milyon, xiristianlar təximinən 3 milyon, digər dinlərə inanlar isə təxminən 1 milyon nəfərdir.

2014-cü ilin may ayının məlumatına görə, Yaponiyanın əhalisinin sayı təxminən 125 milyon nəfərdir. Bu, onu göstərir ki, yaponlar dinə qeyri-ciddi yanaşır. 125 milyonun cəmi 10 %-i hər hansısa dinə ürəkdən inanır. Bəs yaponlarda dinə olan bağlılığın bu qədər aşağı olmasının səbəbi nədir? Necə oldu ki, Yaponiyada dinə qarşı bu qədər inamsızlıq yarandı? İndi isə bu suallara cavab tapmağa çalışaq.

Bildiyiniz kimi, II Dünya müharibəsində Yaponiya məğlub olduqdan sonra imperatorun ölkədəki mövqeyi zəiflədi və din dövlətdən ayrıldı. Beləliklə, müharibədən sonra təhsil sistemindən dini dərslər yığışdırıldı. Bu isə əhalinin dini savadının azalmasına, nəticədə isə əhalinin dinə qeyri-ciddi yanaşmasına gətirib çıxardı. Məsələn, 1950-ci ildə əhali arasında sorğu keçirilmiş və sorğuda iştirak edənlərin 80 %-dən çoxu dini inanclarının mövcud olduğunu bildirmişdi. Eyni sorğu 1980-ci ildə yenidən keçirilir və sorğuda iştirak edənlərin cəmi 30 %-i dini inanclarının olduğunu bildirir. 30 %-in də az hissəsi gənc və orta nəsil, əksəriyyəti isə yaşlı nəslin nümayəndələridir. Ona görə də qarşıdakı yarım əsr ərzində hər hansısa bir dinə inanan yaponların sayının həddən artıq az olacağını təxmin etmək mümkündür.

Hər il Yaponiya əhalisinin 80 %-dən çoxu şintoist və buddist məbədlərində dualar edir, dini bayramlarda iştirak edirlər. Yaponların məbədlərdə dua etməsinə baxmayaraq, “özü haqda dinsiz” deməsini müsəlman və xristianların düzgün anlaması bir az çətindir. Yaponlar üçün dinsiz kəlməsi “bütün dinlərə hörmətlə yanaşdıqlarını, lakin hər hansısa bir dinə ürəkdən inanmamaları” mənasını verir.

Yuxarıda qeyd etdiyim kimi, yaponların dinə bu qədər soyuq olmalarının səbəbi II Dünya müharibəsindən sonra dinin təhsil, siyasətdən tamamilə uzaqlaşdırılmasıdır. Qeyd edə bilərəm ki, Yaponiyada bütün dünyada daha üstün dini tolerantlıq mövcuddur.

Yaponların il sonu və il əvvəlində keçirdiyi dini tədbirlərə fikir verək. Dekabr ayının 25-i Yaponiyada istirahət günüdür və bütün ölkədə Milad qeyd olunur. Yeni il gecəsi bütün buddist məbədlərində bir qayda olaraq, hər il zənglər çalınır. Yanvar ayının ilk 3 günü ərzində isə dinindən asılı olmayaraq, bütün xalq şintoist məbədlərinə gedərək ilk dualarını edirlər. Yaponlar buna “hatsumode” deyir mənası isə, “yeni ildə tanrılara ilk ziyarət” mənasını verir. Bütün xalq öz evlərində olan kamidanalarda öz əcdadlarının ruhuna şam yandırırlar. Gördüyünüz kimi, cəmi 10 gün ərzində Yaponiyada bütün xalq tərəfindən 4 dini tədbir qeyd olunur. Bu bizə qəribə gələ bilər. Ancaq yaponlar üçün bu, adi bir haldır.

Yaponlar Milad bayramını xristianlar kimi dəqiqliklə qeyd etmirlər. Hindli, çinli, koreyalı, taylandlılar kimi buddizmin qayda-qanunlarına ciddi şəkildə əməl etmirlər. Müasir yaponlar öz əcdadları qədər şintoist dininə bağlı deyillər. Çünki yaponlar bu dinlərə ürəkdən inanmır, sadəcə keçmişdən bəri qorunub müasir nəsilə ötürülmüş mədəniyyəti qorumaq üçün bütün bunlara əməl edir və ya əməl etdiklərini zənn edirlər. Yaponlar öz adət-ənənəsinə, keçmişinə çox bağlıdır. Onlar üçün bütün bunlar birgə “yaponların dinini” formalaşdırır. Lakin bunun dini inanc olması haqda düşünmür və ya düşünmək istəmirlər.

Keçmişdə olduğu kimi müasir dövrdə də yapon xalqının inancının əsasında təbiətə, keçmiş əcdadlara inam və onlara sitayiş əsas yer tutur. Düzdür, yaponların əksəriyyəti dəqiq hansısa dinə inanmadıqlarını deyirlər, lakin onların təbiət varlıqlarına həddən çox bağlı olmaları, öz əcdadlarını həddindən çox ilahiləşdirmələri onu göstərir ki, onlar etnik şintoizmə inanırlar. Yaponların əksəriyyəti isə bunu dərk etməyərək özləri haqda dinsiz olduqlarını söyləyirlər. Etnik şintoizmdə buddizm və şintoizm adət-ənənələrinə rast gəlmək olar. Dini bayramları misal gətirək. İl ərzində bütün Yaponiyada qeyd olunan dini bayramların da onlar üçün 2 mahiyyəti vardır. Birincisi, qeyd etdiyim kimi, öz adət-ənənələrini qoruyub saxlamaq, ikincisi tanrılarla xoş vaxt keçirmək. Əgər özü haqda dinsiz olduğunu deyən yapon milli bayramlarda tanrılarla xoş vaxt keçirdiyini düşünürsə deməli onun dini etnik şintoizmdir. “Ciçinsai” (地鎮祭) dini mərasimini də misal gətirmək olar. Bu mərasimdə onlar hər hansısa tikinti işlərinə başlamazdan əvvəl işin uğurla bitməsi üçün dua edirlər. Əslində, bu, buddizmdən etnik şintoizmə keçən adət-ənənədir. Dinsiz olduğunu düşünən bütün yaponlar bu mərasimlərdə dua edir və bunu dini inanc kimi yox sadəcə bir mədəniyyət kimi qəbul edirlər.

Yaponların əksəriyyəti üçün kami və budda arasında heç bir fərq yoxdur. Məsələn, toy və yas mərasimlərini misal gətirək. Bildiyiniz kimi, toy mərasimləri həm şintoizm, həm də xristinalıq ənənələrinə uyğun qeyd olunur. Yas mərasimləri isə buddizm ənənələrinə söykənir. Lakin müasir dövrdə buddizm ənənələri əsasında toy mərasimlərini, şintoizm ənənələri əsasında yas mərasimlərini qeyd edən yaponlar da az deyildir. Yaponlar bunu adi hal kimi qəbul edir.

Müasir yaponlar müsəlman və xristianlara həsəd aparır lakin digər tərəfdən yalnız hər hansısa bir dinə inanmaq və ya onu dilə gətirmək, o haqda düşünməkdən çəkinirlər. Yapona onun dini inancı haqda sual verdikdə bir anlıq çaşqınlıq keçirməsinin səbəbi də budur. Əslində, inancı var, ancaq yaponun özü belə 3 dindən hansına inandığını ayırd edə bilmir və ya bir dinə inanmaqdan çəkindiyi üçün dinsiz olduğunu dilə gətirir. Yaponların əksəriyyətinin bunu anlamamaları və ya anlamaq istəməmələrinin səbəbi onların dinə qarşı bəslədikləri nifrətdir. II Dünya çüharibəsində yaponlar məğlub oldular. Müasir yaponlar bunun səbəbini vaxtilə ölkədə siyasi səlahiyyətə malik olmuş imperatorda görürlər. Yapon xalqında bu cür fikri formalaşdıran isə, ölkənin KİV-dir (kütkəvi informasiya vasitələri). Media tərəfindən dinin həddən artıq pislənməsi insanlarda dinə qarşı qorxu yaranmasına səbəb oldu. Əlavə olaraq, yuxarıda qeyd etdiyim kimi xalqın dini savadsızlığı da bu nifrətin oyanmasında başlıca səbəbdir. Digər səbəb kimi xarici ölkələrdə dini qruplaşmaların fəaliyyətini göstərmək olar. Yaponlar elə hesab edir ki, baş vermiş və bundan sonra baş verəcək bütün münaqişə və müharibələrin kökündə din dayanır, din insanları müharibələrə təhrik edən səbəbdir.

Dinin həm yaxşı, həm də pis cəhətləri var. Lakin müharibədən sonra yapon xalqına dini inanclar altında pərdələnən pisliklərin həddən çox aşılanması onlarda dinə qarşı nifrət oyanmasına səbəb olub və dindən bacardıqları qədər uzaq olmaq istəyini formalaşdırıb. Baxmayaraq ki, yaponların yalnızca onlara məxsus dinləri var. Şüurlu və ya şüursuz şəkildə xalqın əksəriyyəti bu dinə inanır.

Aqşin Bədəlbəyli © yapon.az 2015
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma