Miso şorbası

Misoşiru (味噌汁) – Yaponiyanın milli mətbəxinin ən tanınmış və sevilən şorbalarından biridir. Şorba çox tez və asan hazırlandığı və çox dadlı olduğuna görə, artıq 750 ilə yaxındır ki, yaponlar tərəfindən demək olar ki, hər gün hazırlanır və sevilir. Ənənəvi olaraq əvvəllər yaponlar miso şorbasını bişmiş isti düyü ilə birlikdə səhər yeməyi kimi istifadə edirdilər.

Yaponiyanın müxtəlif ərazilərində miso şorbasının tərkibi dəyişə bilər. Həmçinin, cari fəsildən asılı olaraq, miso şorbasının hazırlanmasında istifadə olunan ərzaqlar fərqlənə bilər. Belə ki, bəziləri miso şorbasını hazırlayarkən kökdən istifadə edirlər, digərləri isə, kök əvəzinə kartof və ya daikon istifadə edə bilərlər. Şorbanın əsas ərzaqları isə istənilən halda dəyişilməz olaraq qalır. Bunlar miso pastası və daşi balıq bulyonudur.

Aşağıda sizə, miso şorbasının bir növünün hazırlanma qaydasını təqdim edirik. Adi ev şəraitində bu şorbanı 5-10 dəqiqədə hazırlamaq olar.

167782Yeməyin hazırlanmasında istifadə olunan ərzaq adlarının izahı:

Daşi bulyonu – Yaponiya mətbəxində tez-tez istifadə olunan balıq bulyonudur.

Miso pastası – soya, buğda, düyü və s. ərzaqlardan fermentasiya üsulu ilə hazırlanan məhsuldur. Pasta Yaponiyanın milli mətbəxində tez-tez istifadə olunur. Onun özünəməxsus şor tamı var. Miso pastasının duzluluğundan və tərkibindən asılı olaraq bir neçə növü mövcuddur. Məslən, “qırmızı miso” – akamiso (赤味噌), “ağ miso” – şiromiso (白味噌) və s.

Miso şorbası üçün şiromiso`dan istifadə etmək daha məqsədəuyğundur. Çünki bu miso növü, digərlərindən müqayisədə çox duzlu olmur.

Vakame – dəniz yosunudur. Satışda olan vakame yosunları qurudulmuş formada və bağlı paketdə olur.

Tofu – soya pendiridir. Görünüşcə ağ pendirə bənzəyir və demək olar ki, dadı olmur. Ən çox salatlarda və miso şorbasının hazırlanmasında istifadə olunur.

Qeyd olunan ərzaqları Yaponiyanın yemək ərzaqlarının satışı ilə məşğul olan mağazalarda əldə etmək olar və ya ABŞ, Yaponiya və Avropanın bəzi onlayn mağazalarından sifariş etmək mümkündür.

Ərzaqlar (2 nəfər üçün):

  • 1 x.q. miso pastası
  • 0.5-1 x.q. quru daşi bulyonu
  • 5-10 q. qurudulmuş vakame yosunları
  • 150 q. tofu
  • 1,7-2 stəkan su

Bişirilmə qaydası:

Öncə suya qurudulmuş daşi bulyonunu əlavə edirsiniz, yaxşıca qarışdırırsınız və orta temperatorda qızdırırsınız. Bulyon qızana kimi qurudulmuş vakameni adi suda isladırsınız. 3-4 dəqiqə gözləyirsiniz ki, yosunlar yumşalsın.

Tofunu paketdən çıxarıb mətbəx salfeti ilə, artıq suyu üzərindən və kənarlarından yığırsınız. Daha sonra tofunu 1-2 sm uzunluğunda kiçik kvadratlar formasında doğrayırsınız.

Bu arada bulyona nəzər yetirirsiniz. Əgər bulyon artıq kifayət qədər istiləşibsə, vakameni isti su ilə yaxşıca yuduqdan sonra bulyonun içinə əlavə edirsiniz. Ardınca doğranmış tofu dilimlərini bulyona əlavə edib 1-2 dəqiqə gözləyirsiniz ki, bulyon qaynamaq həddinə çatsın lakin qaynamasın. Bulyon artıq qaynama həddinə çatmağa yaxın olduqda, odu azaldıb bulyona miso pastasını əlavə edirsiniz. Pastanı bir başa bulyona əlavə etməyin. Böyük bir qaşığın içində pastanı yarımçıq bulyona əlavə edin və digər balaca bir qaşıqla pastanı yavaş-yavaş bulyonda həll edin.

images(1) DİQQƏT! Miso pastası bulyona əlavə edilən zaman, bulyon heç bir halda qaynamamalıdır sadəcə maksimal isti həddə çatdırılmalıdır. Çünki miso pastası çox xəssasdır və qaynayan bulyona əlavə edilsə, dadı itəcək və tərkibində orqanizmə faydalı olan maddələr qaynayaraq öz effektini itirəcək.

Pastanı bulyonda həll etdikdən sonra şorbanı qaşıqla yavaşca qarışdırın və odu söndürün. Şorba hazırdır. Zövqə görə, şorbanın üzərinə xırda doğranılmış göy soğan səpə bilərsiniz. Şorbanı süfrəyə bişmiş düyü ilə birlikdə təqdim etmək olar.

1023215_600.gif いただきます!

Hüseyn Əskərov © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma