Taleləri dəyişən yaşayış evi

Şablon görünsə və adət etdiyimiz adi, hətta heç bir maraqlı informasiyanı özündə ehtiva etməyən fikir kimi səslənsə, sözün həqiqi mənasında tamamilə subyektiv olsa da deyəcəm ki, Gündoğan ölkəsinə və o ölkəni təmsil edən yaponlara həmişə heyan olmuşam. Yaponiyaya yaxınlaşdıran hər bir addım, kəşf, yeni bilgi, yaponların hadisə və problemlərə yanşma tərzi, ideallar və məqsədlərə çatmaq üçün aparıdıqları mübarizə əzminə bələd olmaq hər zaman eyforiyaya çevrilirdi. Elə indi də… Sanki özünü indiyədək anlamaq istəyib də anlamadığın, lakin bundan sonra bu və ya digər mövzuda proseslərin “açarını” bilən biri kimi hiss edirsən. Bilsək də. bilməsək də, fərqində olsaq olmasaq da, baxsaq görməsək də yaşayırıq. Amma maraqlı yaşamaq üçün daim cəhd etməliyik.

Yaşamaq üçün isə, heç vaxt gec deyil. İstənilən yaşda yaşamı maraqlı və əyləncəli edəbilmək üçün tənbəlliyin daşını atmalısan.

İstək, cəhd və hərəkət…

“Reversible Destiny Lofts” da yenidən yaşamağı “öyrətmək” istəyir. Hərfi tərcümədə “taleləri geri qaytaran çardaqlar” – orijinal yaşayış evidir. Yalnız 9 mənzildən ibarət olan bu bina Yaponiyanın Mitake şəhərində yerləşir.

İki yaradıcı şəxsin tandemi – memar və rəssam Şusaku Arakava və şair Madelin Gins – artıq uzun illərdir ki, dünyanı özünün memarlığa kreativ yanaşma tərzi ilə təəccübləndirir. Eyni zamanda özlərini həm memar, həm rəssam, həm də şair adlandıran cütlük Gins və Arakava 1963-cü ildən birlikdə işləyərək memarlıq və incəsənətin “sərhədlərinə meydan oxuyurlar”.

Şusaku Arakava 1936-cı ilin iyulun 6-da Yaponiyanın Naqoya şəhərində anadan olub və 73 yaşında 2010-cu ilin mayın 18-də ABŞ-ın Nyu-York şəhərində (Nyu-York Siti) vəfat edib. Madelin Helen Gins isə 1941-ci ildə Nyu-York Siti`də anadan olub və 72 yaşında 2014-cü il yanvarın 8-də Nyu-York şəhərində vəfat edib.

Şusaku Arakava və Madelin Gins. "New-York Times" qəzeti 14 yanvar, 2014 buraxlışı
Şusaku Arakava və Madelin Gins. “New-York Times”, 14 yanvar, 2014 buraxlışı

Cütlüyün yaratdığı parlaq və orijinal layihələrindən biri unikal yaşayış komleksi olan “Dəyişən talelər”dir. O qədər də böyük olmayan kompleks 2002-2006-cı illərdə tikilib. Buradakı mənzillər standart, hər cür şəraiti olan, rahat yaşayış evlərinə bənzəmir.

Yaradıcıları bu qeyri-adi layihəni reallaşdırmağa sövq edən qayə insanların, xüsusilə də, yaşlıların tənbəllik edərək darıxmalarının qarşısını almaq olub. Yaşamaq üçün qocalara elə bir mühit lazımdır ki, onları daima gərgin saxlasın, hisslər və təxəyyüllərini stimullaşdırsın, aktiv şəkildə hərəkət etməyə məcbur etsin.

Uyumsuz formalar və parlaq rənglərlə rəqs

Müxtəlif ölçüdə beton bloklardan bütünləşən “Dəyişən talelər” yaşayış kompleksində praktiki olaraq təkrarlanan forma və rənglərə rast gəlmək mümkünsüzdür. İçəvə çölə büküşlü döşəmələr, parlaq “qışqırdıcı” rənglərə boyanmış divarlar, xaotik şəkildə ora-bura “atılan” qapı və pəncərələr, gözləniləməz və çətin əldə edilən yerlərdə yerləşdirilən işıq qapama-açma açarları, döşəmədə “boğulan” mətbəx, yalnız yanpörtü və ya əyilmiş formada keçilməsi mümkün olan qapılar – bütün bu “attraksionlar” bir an belə ayıq-sayıqlılığı və diqqəti əldən verməməyə məcbur edir. Memarlar əmindirlər ki, irrasional mühit insanın psixikasını stimullaşdırır, instinktləri, orqanizmin potensialını oyadır və nəhayət, həyatı yaxşılaşdırmaqla ömrü uzadır. Arakava hesab edir ki, bu tip mənzilləri anlamaq lazımdır. Buna görə də alqı-satqı proseduru həyata keçirilmədən öncə müştəri mütləq şəkildə özlüyündə əmin olmalıdır ki, yeni evin konsepsiyasını başa düşüb və onu qəbul edib.

“İnsanların həyatını dəyişəcək”

Dizaynerlərin “talelərin dəyişməsi” konsepsiyasının əsas metodu insanın adət etdiyi əlverişli şəraitdən imtina edib gözlənilməzlərə doğru cəsarətli addım atmasına əsaslanır. Üstəlik, bunlar illuziya olmur, real və gündəlik həyatda qarşılaşdığımız gözlənilməz şeylər olur. Rahatlıq və komfortdan imtina edib hər tərəfdə səni məşq etdirən, stimullaşdıran, beynini aktiv şəkildə işləməyə, yeni ideya və qərarlar axtarmağa məcbur edən evə köçmək – çağdaş insanın həyatında vacib olan budur.

Şusaku Arakava və Madelin Gins`in fikrincə, belə bir yaşayış komleksi sürprizlər parkı, daha yaxşı olar ki, sürprizlər şəhəri ilə tamamlansın: “Buranın sakinləri isə kardinal şəkildə dəyişilsinlər, ölümə burada yer olmasın. Bu innovativ layihə inqilab olacaq, insanların həyatını dəyişəcək”.

Ən maraqlısı burasındadır ki, kompleksdəki mənzillər 763 min ABŞ dolları dəyərində olsalar da, onları almaq üçün çoxlu sayda müraciət edənlər tapılır. Mitake rayonundakı adi konfortlu evlərdən 2 dəfə baha olmasına baxmayaraq, yaponlar böyük həvəs və sevinclə bu “şok terapiyaya” pul xərcləməyə hazırdırlar.

Kompleksdə ilk mənzil sahibi olanlardan biri məşhur yazıçı və buddist rahibə Setouçi Cakuçō`dur (瀬戸内寂聴). O, əminliklə bildirib ki, yeni ekstremal mənzilə köçməklə özünü daha sağlam, gümrah və gənc hiss edir.

“Dəyişən talelər” kompleksinin innovativ planlaşdırma və dizaynı insanların həyat və ev haqqında təsəvvürlərini radikal şəkildə dəyişir. Beləliklə də, insanları evlər vasitəsilə sevgi və həyata bağlamaq ideyası qocalma və xəstəliklərlə mübarizədə inqilabi dəyişikliyə çevrilə bilər.

22-дом обратимой судьбы

Məqalədə istifadə olunan şəkillərin mənbəyi: udivitelno.com, avaxnews.net
Rəsmi internet səhifəsi: reversibledestiny.org
Sevinc Nur © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma