Osaka qəsri

Yaponiya qəsrlərinin əsrarəngiz sehri

XVI əsr Yaponiyanın tarixi memarlıq və bədii mədəniyyət nümunələrini araşdırarkən məlum olur ki, həmin dövrə təsadüf edən tarixi, eləcə də, ictimai-sosial hadisələrin təsiri nəticəsində mədəni abidələr görkəmini dəyişir və eyni zamanda, yeni mahiyyət kəsb etməyə başlayırdı. Başqa sözlə, həmin dövrdə hökmran olan ənənəvi, dini dünyagörüş və normalar sistemi dünyəvi dəyər qazanırdı. Həmçinin, XVI əsrin II yarısında qəsr və sarayların tikintisinin geniş vüsət aldığı bir dövrdə dini arxitektura sıxışdırılırmağa başlayır. Məhz XVI əsrin sonu və XVII əsrin əvvəllərində uzunmüddətli müharibələrin ardından Yaponiyada sülh dövrü başlayır və həmin dövrdən etibarən Gündoğan ölkəsində qəsrlərin tikintisi öz zirvəsini yaşayırdı.


1. bölüm

Osaka qəsri

大坂城 və ya 大阪城 {Ōsakacō}

Toyotomi Hideyoşi. 1601-ci il. Vikipediya - elektron ensiklopediya.
Toyotomi Hideyoşi

XVI əsrin sonu XVII əsrin əvvəllərində Yaponiya tarixində mühüm rol oynayan Osaka qalası eyni adlı şəhərdə tikilən 5 mərtəbəli samuray qəsridir. Qala 1585-1598-ci illərdə Toyotomi Hideyoşi adlı sərkərdə tərəfindən Azuçi (Azuçi-Momoyama qəsri üslübunda) qəsri nümunəsi əsasında tikdirilib. Azuçi qəsri bu hadisədən düz 10 il əvvəl 3 il müddətinə Biva gölü yaxınlığında 110 m hündürlükdəki təpədə Nobunaqa Oda tərəfindən xüsusi mülkiyyət kimi (özü üçün) tikilmişdi. Qeyd edilən dövrdə Yaponiyada baş verən daxili müharibələr sayəsində pərakəndə hala düşmüş əsas ticarət yollarını Hideyoşi Osakaya köçürür. Onun hakimiyyəti dövründə qəsrin ərazisinə daxil olan sahələr (Yaponiyada hazırda böyüklüyünə görə II şəhər olan Osaka) ölkənin əsas mərkəzlərindən birinə çevrilir.

1614-cü ildə qəsr Toyotomi Hideyori`nin (Hideyoşinin oğlu) dövründə güclü sequn Tokuqava İeyasu ilə müharibə zamanı 2 yüz minlik ordunun mühasirəsinə tab gətirməli olur. Tokuqava qalanı ələ keçirə bilmir, lakin Osaka istehkam sisteminin əsası olan xəndəkləri qumla – torpaqla doldura bilir. Növbəti il isə Hideyori xarici qala xəndəyini bərpa edib onu su ilə doldurmağa cəhd edir. Bundan qəzəblənən Tokuqava öz əsgərlərini Osakaya göndərir və bu dəfə qalanı zəbt edə bilir. Hideyori və onun anası intihar edirlər. Hazırda onların öldüyü yer abidə şəklində saxlanılmaqdadır.

Osakaya hücum zamanı Toetomi Hideyori və onun anası Edo-Dono`nun özünü öldürdüyü yerdə qoyulan abidə. Vikipediya - elektron ensiklopediya.
Osakaya hücum zamanı Toetomi Hideyori və onun anası Edo-Dono`nun özünü öldürdüyü yerdə qoyulan abidə. Vikipediya – elektron ensiklopediya
  • Qalanın sonrakı taleyi

1620-ci ilə Tokuqava sequnatının yeni varisi Tokuqava Hidetada Osaka qəsrinin yenidən tikilməsi və genişləndirilməsinə dair göstəriş verir, qalanın mühafizə sistemini gücləndirir. O, yeni yüksək ana qüllə, xaricdən 5, daxildən 8 mərtəbə tikdirir və qarşıya ayrı-ayrı samuray klanlarına yeni divarların tikintisi məqsədini qoyur. 1620-ci ildə tikilən divarlar indinin özündə də qalmaqdadır. Həmin divarlar heç bir məhlul istifadə edilmədən bloklaşdırılmış mərmər qənbərlərdən hazırlanıb. Daşların bir çoxu daxili Seto dənizi yaxınlığındakı karxanalardan gətirilib.

1660-cı ildə ildırım barıt anbarının yanmasına, 1665-ci ildə isə əsas qülləyə dəyən ildırım zərbəsi dağıdıcı yanğına səbəb olur. 1843-cü ildə isə 10 illik baxımsızlıq dövründən sonra qala təmir olunur. Bu dövrdə bakufi region camaatından bir çox kiçik qalaların təmir edilməsi üçün pul toplayır.

  • Lakin XXI əsrin dramatik hadisələri – Meici restavrasiyası dövründəqala yenidən yanır

1868-ci ildə Osaka süquta uğrayır və anti-bakufi imperiya loyalistlərinə verilir. Qalanın əksər hissəsi Meici restavrasiyası dövründə vətəndaş müharibələri zamanı yandı. Meici hakimiyyət dövründə Osaka qalası sürətlə genişlənən qərb üslublu hərbi Yaponiyanın silah-sursat və partlayıcı maddə hazırlayan Osaka Arsenal (Osaka Hohei Koşo) ordusunun bir hissəsinə çevrilir.

Osaka qəsri. A.Montanus`un
Osaka qəsri. A.Montanus`un “Yaponiyanın təsviri” kitabından illustrasiya. XVII əsr.
  • Bərpa dövrü

“Brokqauz və Efron ensiklopedik lüğəti”ndə qeyd olunur ki, XX əsrin əvvəllərinədək qalanın yalnız dağıntıları qalıbmış. Saxlanılan otaqlar isə barak (kazarma) kimi istifadə olunub. Əsas qüllə (tesyukaku) qalıqlardan təmizlənərək müasir görkəmini yalnız əsaslı təmir aparılan zaman (yerli hakimiyyət orqanları bünövrə üçün dəmir-betondan istifadə edib) 1931-ci ildə alıb (başqa bir mənbədə 1928-ci il göstərilir)…

Osaka qəsri 1865-ci il.
Osaka qəsri 1865-ci il.

II Cahan savaşı dövründə qala ABŞ hava hücumunun ağır qurbanlarından biri olur. 14 avqust 1945-ci ildə qalanın qalan hissəsi və buradakı cəbbəxananın 90 %-i və 382 nəfər heyət məhv edilir. Yalnız 1995-97-ci illərdə təmir-bərpa işləri həyata keçirilir.

  • Bu gün

Hazırda qala turistlərin üzünə açıqdır. Əsas qüllənin interyeri müasirləşdirilib. Qalanın bağı Yaponiyaya qastrol səfərlərinə gələn dünya musiqiçilərinin çıxış etdiyi stadionla qonşuluq edir. Bunu qalanın peyk görüntüsündən də aydın görmək olar.

Osaka qalasına getmək də asandır. Bunun üçün şəhərin qərbində yerləşən Osakacōkōen stansiyasına gəlmək kifayətdir. Mövsümlər festivalı zamanı Osaka qalası gəzmək üçün ideal məkan hesab olunur. Xüsusilə, hanami (albalı ağaclarının çiçəklənməsi) dövründə Osaka qalası ərzaq məhsullarının satışı ilə məşğul olanlar və taiko zərbçiləri ilə dolub-daşır.

  • Quruluşu

1 kvadrat kilometr sahəyə malik olan qəsrin əsas qülləsi döyüşçü – qılıncdaşıyanlardan müdafiə olunmaq üçün 2 platforma – daş kurqan (fundament hündürlükdə yaradılıb) üzərində yerləşdirilib. Tikilinin əsasını nəhəng qənbərlər (aşınmış iri qaya parçalarıdır, ən kiçiyinin diametri 100 mm olur) təşkil edir. Qəsrin bünövrəsində istifadə edilən qənbərlərin bəzilərinin hündürlüyü 6, eni isə 14 metrdir. Qəsrin divarları boyunca xəndəklər var.

qenber dash.jpg
Qənbər daşı

Qeyd etdiyim kimi, qalanın mərkəzi binası 5 mərtəbəlidir. Daha 3 yeraltı səviyyə kurqanın dərinliyinə qədər gedib çıxır. Yəni qala xaricdən 5, daxildən 8 mərtəbəlidir. Tikintini həyata keçirmək üçün buraya eyni vaxtda 20 və 30 minədək insan cəlb edilib. Qalanın 60 min kvadrat metr və ya 15 hektar ərazisi Yaponiya hökuməti tərəfindən ölkənin mühüm mədəni dəyərləri siyahısnına daxil edilən 13 əhəmiyyətli strukturu özündə cəmləşdirir, buraya həmçinin daxildir:

  • Ote-mon qapısı
  • Sakura-mon qapısı
  • İçiban-yaqura turret (italiyan dilində: torretta, kiçik qala; Latın dilində: turris, qala. Bütövlükdə arxitekturada istifadə olunan bu termin orta əsr qalalarında binanın divarının üst hissəsində vertikal ucaldılan kiçik qaladır.)
  • İnui-yaqura turret
  • Rokuban-yaqura turret
  • Senqan turret
  • Tamon turret
  • Kinmeisui quyusu
  • Kinzo anbarı
  • Enşoqura cəbhəxanası
  • Otemon qapısı ətrafında yerləşən qalanın divarlarının 3 əsas hissəsi.

Əsas, ikinci və üçüncü daş bəndin uzunluğu 12 km təşkil edir. Əsas bənddə istifadə olunan nəhəng qənbərin uzunluğu isə 5,8 m və 14 m eninə bərabərdir (o, tako-isi adlanır). Tako-İsi Sakura-mon qapısında yerləşir. Tarixi qeydlərdə deyilir ki, nəhəng qənbər İkeda (indiki Okayama prefekturası) mülkünün fəhlələri tərəfindən İnudzimadan gətirilib.

Naməlum rəssam. 1614-cü ilin yayında Osaka qəsrinin mühasirəsi. Rənglənmiş səhnəllər. Detal. XVII əsrin 1-ci yarısı. Osaka Qəsri Muzeyi.
Naməlum rəssam. 1614-cü ilin yayında Osaka qəsrinin mühasirəsi. Rənglənmiş səhnəllər. Detal. XVII əsrin 1-ci yarısı. Osaka Qəsri Muzeyi.
Osakada qəsrin dağıdılması barəsində erkən dövrlərin təsəvvürü. Fransua Karon`un kitabından. 1663-cü il.
Osakada qəsrin dağıdılması barəsində erkən dövrlərin təsəvvürü. Fransua Karon`un kitabından. 1663-cü il.
Osaka qəsrinin hazırki maketi.
Osaka qəsrinin hazırki maketi.
Otemon qapı (qərb). 24 iyul 2005-ci il.
Otemon qapı (qərb). 24 iyul 2005-ci il.
qesrin simvolu baliq ve peleng
Qəsrin simvolu; balıq və pələng.
Sevinc Nur © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma